15 SENTYABR BİLİK GÜNÜDÜR.

Bilik günü — Azərbaycanda məktəblərdə dərslərin başladığı gün qeyd edilir. 2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmişdir.

Sentyabrın 15-də  Azərbaycanın çoxmilyonlu təhsil ictimaiyyətinin bayramı, Bilik günüdür. Ölkəmizdə yeni dərs ili başlayır. Azərbaycan təhsilinin bugünkü inkişafı öz mənbəyini ötən əsrin 70-ci illərindən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə aparılan uzaqgörən və məqsədyönlü siyasətdən alıb, o vaxtdan başlayan qlobal miqyaslı təhsil quruculuğu sonrakı inkişaf üçün güclü təməl olub. Bu fikri faktlar da təsdiqləyir.

Böyük öndərin imzaladığı “ümumtəhsil məktəbləri şagirdlərinin dərsliklərdən pulsuz istifadə etməyə keçmək haqqında” qərarı da onun xalqına böyük töhfəsi idi. Ulu öndər müəllimlərə də hər zaman sonsuz hörmətlə yanaşıb, o illərdə çox sayda təhsil işçisi SSRİ-nin orden və medallarına, fəxri adlara layiq görülüb. Azərbaycanda ali təhsil də Heydər Əliyev dövründə inkişafa qədəm qoyub. Ötən əsrin 70-80-ci illərində 5 yeni ali məktəb yaradılıb. Ulu öndərin yaratdığı Cəmşid Naxçıvanski adına ilk hərbi məktəb isə ölkəmizdə milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayıb. Böyük öndər Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra da ölkəmizdə elmin, təhsilin inkişafına hesablanan böyük işlər görüb. Məktəb tikintisi, xaricdə təhsil, peşə təhsilinə diqqət, şagirdlərə dərsliklərin pulsuz verilməsi yenidən reallaşıb, büdcədən təhsilə ayrılan vəsait ildən-ilə çoxalıb. 1993-2003-cü illərdə 6 yeni akademiya təsis edilib, özəl ali məktəblər yaradılıb….

Son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir. Bir faktı xatırlatmaq kifayətdir: ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə Dövlət proqramları uğurla həyata keçirilir. Bu, bir həqiqətə – Prezident İlham Əliyevin təhsili dövlət siyasətinin prioritetlərindən biri kimi diqqətdə saxlaması həqiqətinə söykənir. Azərbaycan təhsilində ən uğurlu nəticələrdən biri məktəb tikintisinin geniş vüsət almasıdır.

…Prezident İlham Əliyevin sərəncamı ilə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” mükafatlarının təqdimatı da məktəb və müəllimin statusunun yüksəldilməsinə xidmət edir.

…Beləliklə, sentyabrın 15-i ölkəmizin bütün ümumtəhsil məktəbləri və ali təhsil ocaqlarında yeni dərs ili başlayır. Ümumilikdə isə, yeni dərs ilində bütün təhsil işçilərini, tələbə və şagirdləri yeniliklər gözləyir. Yeniliklər isə həm də uğurların başlanğıcı deməkdir. Yeni dərs iliniz mübarək!