








Seminarda məruzəçi kimi kafedranın dosenti Səyyarə İsgəndərova çıxış etdi.
Seminarda Fizika və texniki fənlər fakultəsinin dekanı riyaziyyat üzrə elmlər doktoru, professor M.S.Quliyev, Fizika kafedrasının müdiri dosent Y. Namazov və kafedranın professor müəllim heyəti iştirak etdi.
Seminarda Fizika və texniki fənlər fakultəsinin dekanı riyaziyyat üzrə elmlər doktoru, professor M.S.Quliyev çıxış edərək mövzunun aktual elmi əhəmiyyətini vurğulayaraq, akustik çirklənmənin canlı orqanizmə mənfi təsirini və bu təsirlərin qarşısının alınmasının vacibliyini qeyd etdi.
Məruzəçi kafedranın dosenti Səyyarə isgəndərovanın məruzəsində akustik çirklənmənin mənbələri, yayılma xüsusiyyətləri və canlı orqanizmlərə təsiri müzakirə olunmuşdur. Həmçinin məruzədə qeyd edilmişdir ki, sənaye müəssisələri, nəqliyyat vasitələri və urbanizasiya səs-küyün əsas mənbələridir və bu amil müasir dövrdə ciddi ekoloji problem kimi qiymətləndirilir.
Məruzədə səs-küyün insan sağlamlığına təsiri xüsusi vurğulanmış, onun eşitmə qabiliyyətinə zərər verməsi, sinir sistemində gərginlik yaratması, yuxu pozğunluqları və ürək-damar xəstəliklərinə səbəb olması qeyd edilmişdir. Eyni zamanda, heyvanlar üzərində aparılan tədqiqatların nəticələri təqdim olunmuş, akustik çirklənmənin onların davranışına, miqrasiyasına və çoxalma proseslərinə mənfi təsiri izah edilmişdir.
Akustik çirklənmənin ekosistemlərə dolayı təsirləri müzakirə edilmiş, biomüxtəlifliyin qorunması baxımından bu problemin aktuallığı vurğulanmışdır. Sonda səs-küy səviyyəsinin azaldılması üçün texniki və təşkilati tədbirlər — səs izolyasiyası, yaşıl zonaların artırılması və normativlərin tətbiqi kimi təkliflər irəli sürülmüşdür.
Seminarda çıxış edən f.f.d,baş müəllim Sevinc İmanov qeyd etdiki, məruzəçinin çıxışında akustik çirklənmənin dəniz məməlilərinə təsiri müasir ekoloji problemlər içərisində xüsusi aktuallıq kəsb etdiyi xüsusi ilə vurğulanıb və dəniz mühitində səsin yayılma xüsusiyyətləri nəzərə alınaraq, antropogen səs-küyün balinalar və delfinlər kimi canlıların həyat fəaliyyətinə ciddi maneələr yaratdığı elmi cəhətdən əsaslandırılmışdır.
Sonda Kafedra müdiri Y.B.Namazov çıxış edərək qeyd etdiki, ki, bu problemin qarşısının alınması üçün beynəlxalq səviyyədə nəzarət mexanizmləri gücləndirilməli, səs-küy yaradan fəaliyyətlər məhdudlaş- dırılmalı və ekoloji maarifləndirmə tədbirləri genişləndirilməlidir.
Seminar iştirakçıları mövzu ətrafında geniş fikir mübadiləsi aparıblar. Elmi seminar sual-cavab və müzakirələrlə davam etdirilib,bu istiqamətdə aparılacaq araşdırmalarla bağlı gələcək elmi istiqamətlər müəyyənləş dirilib.