26 FEVRAL – XOCALI FACİƏSİNİN ANIM GÜNÜ

23 fevral 2018 – ci il tarixində  Fizika və texniki fənlər fakültəsində Xocalı soyqırımının 26–cı ilinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə fakültənin professor – müəllim heyəti və tələbələri iştirak  edirdi. Giriş sözü ilə anım tədbirini fakültə dekanı  professor Muğan Quliyev açdı. O, Xocalı soyqırımında dünyasını dəyişmiş həmvətətənlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi. Bir dəqiqəlik sükutdan sonra fakültə dekanı Xocalı soyqırımı haqqında geniş və məzmunlu çıxış etdi. O qeyd etdi ki, Xocalı faciəsi son yüz il ərzində erməni faşistlərinin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırım və etnik təmizləmə siyasətinin yeni bir səhifəsidir. Erməni qəddarlığı insan haqlarının, beynəlxalq hüquqi normalarının kobud şəkildə  pozulması  olmaqla, təkcə azərbaycan  xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayətdir. Bu faciə bizim əbədi dərdimiz olmaqla, bir vətəndaş olaraq  hər birimizin ürəyini ağrıdır.

Amma, çox böyük əminliklə inanırıq ki, gec və ya tez ədalət yerini tutacaq və xalqımız möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi və komandanlığı altında bütün işqal olunmuş torpaqlarımızı, o cümlədən Xocalını düşməndən azad edəcəkdir.

Tədbirdə fakültə tələbələrinin hazırladığı ədəbi – bədii kompozisiya təqdim edildi.

Bundan başqa bu gün fakültəmizin təsviri incəsənət kafedrası müəllimlərinin və təsviri  incəsənət müəllimliyi  ixtisasında təhsil alan tələbələrin  Xocalı faciəsinə həsr edilmiş yeni əsərlərinin sərgisi keçirildi. Sərgidə 20 –yə yaxın rəsm əsəri nümayiş etdirildi. Əsərlər sərgi iştirakçılarının böyük marağına səbəb oldu.