CƏNAB PREZİDENT AD GÜNÜNÜZ MÜBARƏK!

İlham Heydər oğlu Əliyev (24 dekabr 1961, Bakı) — Azərbaycanın siyasi və dövlət xadimi, Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı (2003-cü ildən), Yeni Azərbaycan Partiyasının sədri (2005-ci ildən), Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti (1997-ci ildən), Azərbaycan Respublikasının Baş naziri (2003-cü il avqust–noyabr aylarında).

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuşdur. 1967–1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil almışdır. 1977-ci ildə Mockva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olmuşdur. Oranı bitirdikdən sonra institutun aspiranturasına qəbul edilmiş, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır. 1985–1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləmişdir.
1991–1994-cü illərdə özəl biznes sahəsində çalışmışdır. Bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik etmişdir.
1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti olmuşdur.
Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak etmişdir. Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.
1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam vermişdir. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilmişdir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilmişdir. 2001–2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olmuşdur. 2003-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilmişdir.
2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilmişdir. 2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilmişdir. 2003-cü il 15 oktyabrda Azərbaycan Republikasının Prezidenti seçilmişdir. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs vermişdir. 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlamışdır. 2008-ci ildə yenidən prezident seçilmişdir. 2013-cü ildə üçüncü müddətə prezident seçilmişdir. 2018-ci ildə səslərin 86,03%-ni toplayaraq dördüncü müddətə Azərbaycan Respublikasının prezidenti seçilmişdir.
7 fevral 2024-cü ildə keçirilən növbədənkənar prezident seçkilərində 92,12% səs ilə qalib gəlib. Fevralın 14-də Milli Məclisdə and içib və and içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti kimi öz səlahiyyətlərinin icrasına başlayıb.
Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl səviyyədə danışa bilir. Ailəlidir. Üç övladı, beş nəvəsi vardır.
1999-cu ildə İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, 2001-ci ildə YAP-ın ikinci konqresində isə YAP sədrinin birinci müavini seçildi. 26 mart 2005-ci ildə keçirilən YAP-ın üçüncü konqresində Prezident İlham Əliyev yekdilliklə YAP-ın sədri seçildi. 2008 və 2013-cü illərdə keçirilən YAP-ın dördüncü və beşinci konqresində İlham Əliyevin prezidentliyə namizədliyi yekdilliklə dəstəkləndi. Onun sədrliyi dövründə partiya üzvlərinin sayı 700 min nəfəri keçdi. Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP Sədri və İdarə Heyətinin üzvü seçilmişdir.
Mədəniyyətlərarası dialoq Prezident Əliyevin mədəniyyət siyasətində prioritet sahələrdən biri olmuşdur. İlham Əliyev 2008-ci ildə “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda keçirilən Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransına mədəniyyətlərarası dialoqun gücləndirilməsi üçün “Bakı prosesi”nin başladılması təşəbbüsü ilə çıxış etdi. Prezident Əliyev 23 sentyabr 2010-cu ildə Nyu-Yorkda BMT Baş Assambleyasının 65-ci sessiyasının açılışında çıxış edərkən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu təşkil etmək niyyətini açıqladı. Onun bu təşəbbüsü YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumidünya Turizm Təşkilatı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Təşkilatı, İCESCO və s. kimi beynəlxalq təşkilatlar tərəfindən dəstəkləndi. 2011-ci ildən başlayaraq 2017-ci ilə qədər Bakıda dörd dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. 15 iyun 2014-cü ildə Prezident Əliyev Bakı Beynəlxaq Multikulturalizm Mərkəzinin yaradılması haqqında Fərman imzaladı.
11 yanvar 2016-cı ildə qəbul etdiyi sərəncamla 2016-cı ili Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan etdi. İlham Əliyev tolerantlıq və multikulturalizmi Azərbaycanda dövlət siyasəti və həyat tərzi kimi xarakterizə etmişdir. Onun liderliyi altında Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının “İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında 2016-cı il 25 – 27 aprel tarixlərində keçirilən 7-ci Qlobal Forumuna ev sahibliyi etdi.
İlham Əliyev 5 may 2004-cü ildə “Azərbaycan Milli Ensiklopediyası” yaradılması haqqında Sərəncam imzaladı. Təqribən dörd il sonra-10 aprel 2008-ci ildə o, Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında başqa bir Sərəncam imzaladı. 21 oktyabr 2009-cu ildə imzalanan Sərəncamla isə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunu yaradıldı. Dörd ay sonra-19 fevral 2009-cu ildə İlham Əliyev Fondun Nizamnaməsini təsdiq etdi. Prezident Əliyev 14 yanvar 2016-cı ildə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması haqqında Sərəncam imzaladı. O, həmçinin, 19 dekabr 2012-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə bölməsini yaratdı. 8 noyabr 2016-cı ildə Prezident Əliyev Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında başqa bir Sərəncam imzaladı. 9 aprel 2018-ci ildə Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında sərəncam imzalamışdır.
İlham Əliyev Estoniyanın baş naziri, Avropa İttifaqı Şurasının Prezidenti, Avropa Komissiyasının Prezidenti (soldan sağa) ilə Avropa İttifaqının Şərq tərəfdaşlığı sammitində, 2017-ci il.
İlham Əliyev prezidentliyi dövründə Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığı genişləndirmişdir. Prezident Əliyev prezident seçildikdən bir il sonra-2004-cü ildə Azərbaycan Cənubi Qafqaz dövləti kimi Aİ-nin Avropa Qonşuluq Siyasətinə (AQS) daxil edilmişdir. İki il sonra-2006-cı ildə Azərbaycan adından Prezident İlham Əliyev, Aİ adından isə Aİ Şurasının keçmiş Prezidenti Matti Vanhanen və Avropa Komissiyasının keçmiş Prezidenti José Manuel Barroso Strateji Tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzaladılar.
2009-cu ildə Azərbaycan Aİ-nin Şərq Tərəfdaşlığı Proqramına daxil edildi. İki il sonra-2011-ci ildə İlham Əliyev və José Manuel Barroso Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə imzaladılar. İlham Əliyev 2013-cü ildə Brüsselə səfəri zamanı Birgə Bəyannamənin Azərbaycan və Aİ arasındakı enerji sahəsində əməkdaşlığı üçün əhəmiyyətini aşağıdakı sözlərlə ifadə etdi: “Enerji əməkdaşlığı təbii ki, münasibətlərimizin ən mühüm hissələrindən biridir. Çox şadam ki, 2011-ci ilin əvvəlində sədr Barrozu ilə Bakıda enerji sahəsində strateji əməkdaşlıq haqqında Bəyannaməni imzaladıqdan sonra hazırda onun praktiki nəticələrini görürük. Bu Bəyannamə qaz dəhlizinin həyata keçirilməsində əsas rol oynadı”.
6 fevral 2017-ci ildə Prezident İlham Əliyev ikitərəfli və çoxtərəfli görüşlərdə iştirak etmək üçün Aİ-nın paytaxtı Brüsselə səfər etdi. O, səfər çərçivəsində Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Aİ Şurasının və Avropa Komissiyasının prezidentləri və Aİ-nin enerji məsələləri üzrə komissarı ilə görüşdü. Prezident Əliyevin rəsmi səfərindən sonra 7 fevral 2017-ci ildə Azərbaycanla Aİ arasında yeni ikitərəfli müqavilə üzrə danışıqlar başladı.
İlham Əliyev dəfələrlə Azərbaycan və Rusiya münasibətlərini strateji tərəfdaşlıq olaraq xarakterizə etmişdir. 6 fevral 2004-cü ildə İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Rusiya münasibətlərinin əsas prinsiplərini əks etdirən Moskva Bəyannaməsini imzalamışdır. 11 avqust 2004-cü ildə Prezident İlham Əliyev “2005-ci ildə Rusiya Federasiyasında Azərbaycan Respublikası İlinin və 2006-cı ildə Azərbaycan Respublikasında Rusiya Federasiyası İlinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır. Bundan başqa, 16 fevral 2005-ci ildə İlham Əliyev Moskvaya işgüzar səfər etdi və Rusiyada Azərbaycan Respublikası İlinin açılış mərasimində iştirak etdi. Dörd ay sonra-2005-ci il 14 – 15 iyun tarixlərində 9-cu beynəlxalq iqtisadi forum çərçivəsində İlham Əliyev yenidən Rusiyaya səfər etdi və Rusiya Prezidenti Vladimir Putinlə görüşdü. 29 iyun 2006-cı ildə İlham Əliyev və Rusiyanın keçmiş Prezidenti Dmitri Medvedev Xəzər Dənizi ilə bağlı Birgə Bəyanat imzaladılar.