FİZİKA KAFEDRASINDA 2026-2027-CI TƏDRİS İLİNİN İLK İCLASI KEÇİRİLMİŞDİR.

10 sentyabr 2026-cı tarixində saat 12:00-da Fizika kafedrasının növbəti iclası keçirilmişdir. İclasda kafedranın professor-müəllim heyəti və tədris köməkçi heyəti iştirak etmişdir.

İclası giriş sözü ilə açan kafedra müdiri dos. Y.B.Namazov  əvvəlcə  yeni tədris ilinin başlanması münasibəti ilə hamını təbrik etmiş, ən xoş arzularının bildirmişdir. Sonra gündəlikdə duran məsələlərin 2026-2027-ci tədris ilinin uğurlu təşkili baxımından əhəmiyyətini qeyd etmişdir.

İclasın gündəliyinə uyğun müzakirələr aparılmışdır. Müzakirələr  zamanı tədris laboratoriyalarının cari vəziyyəti, onların payız semestrinə hazırlıq səviyyəsi, mövcud avadanlıqların istifadəsi və təhlükəsizlik qaydalarına əməl olunması məsələlərinə toxunulmuşdur. Qeyd edilmişdir ki, laboratoriyaların fəaliyyət rejimi tədris prosesinin normal gedişatını təmin etmək məqsədilə müəyyənləşdirilir və tələbələrin praktiki bilik və bacarıqlarının artırılmasına xidmət edir.

İclasda kafedranın professor-müəllim heyətinin 2026-2027-ci tədris ilində dərs yükünün bölgüsü müzakirə olunmuş və təsdiq edilmişdir. Dərs yükünün bölgüsü zamanı müəllimlərin ixtisası, elmi dərəcə və adları, həmçinin kafedranın tədris yükünün bərabər paylanması prinsipi nəzərə alınmışdır.

Tədris ilinə hazırlığın vəziyyəti və qarşıda duran vəzifələr barədə məsələ üzrə çıxışlarda tədris prosesinin keyfiyyətinin yüksəldilməsi, tələbələrlə fərdi işin gücləndirilməsi, elmi-tədqiqat işlərinin canlandırılması və müasir tədris metodlarından istifadənin vacibliyi vurğulanmışdır.

2026-2027-ci tədris ili üçün yeni fənn sillabusları müzakirə olunmuş, çıxış edən nəzarət komissiyasının üzvləri onların müasir tələblərə uyğunlaşdırılması, tələbə mərkəzli təlim metodlarına üstünlük verilməsi və qiymətləndirmə meyarlarının şəffaflığı məsələləri diqqətə çatdırmışlar. Sillabuslar müzakirə edildikdən sonra təsdiq olunmuşdur.

Payız imtahan semestrində professor-müəllim və tədris köməkçi heyətlərinin iş rejimi barədə də müvafiq qərarlar qəbul edilmişdir.

İclasın sonunda kafedra müdiri dos. Y.B.Namazov müzakirə olunan məsələlər üzrə qəbul edilmiş qərarların icrasının vacibliyini qeyd etmiş, kafedra heyətinə 2026-2027-ci tədris ilində uğurlar arzulamışdır.

İclas gündəlikdə duran bütün məsələlər üzrə müvafiq qərarların qəbulu ilə yekunlaşmışdır.