Fizika və texniki fənlər və Pedaqoji fakültələrin birgə 27 sentyabr – Anım günü ilə bağlı tədbir keçirilib.

Gəncə Dövlət Universitetinin (GDU) Fizika və texniki fənlər və Pedaqoji fakültələrinin birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır.

Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə GDU-nun Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva çıxış edərək 44 günlük Vətən müharibəsinin xalqımızın tarixindəki əhəmiyyətindən danışmış, müharibə ilə bağlı xatirələrini və təəssüratlarını bölüşmüşdür.

Daha sonra Mülki müdafiə kafedrasının baş müəllimi Mahnur Məmmədova çıxış edərək Vətən müharibəsinin gedişi, xalqımızın göstərdiyi həmrəylik və qəhrəman Azərbaycan əsgərinin şücaəti barədə fikirlərini iştirakçılarla bölüşmüşdür.

Tədbirin xüsusi qonağı şəhid Kərəm Həsənovun həyat yoldaşı, GDU-nun Texnologiya müəllimliyi ixtisasının III kurs tələbəsi Həsənova Nərmin Saday qızı olmuşdur. Nərmin Həsənova çıxışında şəhid ailəsi olaraq yaşadığı hiss və düşüncələrdən, Vətən müharibəsinin ailəsində buraxdığı izlərdən bəhs etmiş, şəhidlərin xatirəsinin daim uca tutulmasının vacibliyini vurğulamışdır.

Tədbirin sonunda Universitet tələbələri tərəfindən Vətənə, şəhidlərə və qəhrəman Azərbaycan əsgərinə həsr olunmuş şeirlər və digər bədii kompozisiyalar təqdim edilmişdir.

Tədbir iştirakçılarına Vətən sevgisinin, milli-mənəvi dəyərlərə bağlılığın və şəhidlərimizin əziz xatirəsinə ehtiram hissinin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli olmuşdur.