17 Noyabr – Milli Dirçəliş Günü və Tələbə Gününə həsr olunmuş tədbir keçirilib

Gəncə Dövlət Universitetinin Fizika və texniki fənnlər fakültəsində 17 Noyabr – Milli Dirçəliş Günü və 17 Noyabr – Beynəlxalq Tələbə Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Gəncə Dövlət Universitetinin humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva iştirak edib. Tədbiri giriş sözü ilə açan Gülsüm Fətəliyeva 17 Noyabr – Milli Dirçəliş Gününün tarixi əhəmiyyətindən, Azərbaycanın milli azadlıq və dirçəliş yolunda keçdiyi mühüm mərhələlərdən bəhs edib. O, həmçinin Tələbə Günü münasibətilə tələbələri təbrik edərək onlara təhsillərində uğurlar, gələcək fəaliyyətlərində nailiyyətlər arzulayıb.

Tədbir çərçivəsində 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Daha sonra Fizika və texnika elmlər fakültəsinin humanitar məsələlər üzrə dekan müavini, dosent Mətanət Tağıyeva çıxış edərək Tələbə Gününün əhəmiyyətindən danışıb. O, tələbələri bu əlamətdar gün münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdıraraq gənclərin cəmiyyətin inkişafında və gələcəyin formalaşmasında mühüm rolunu vurğulayıb.

Tədbirin bədii hissəsi tələbələrin ifasında təqdim olunan rəqsləri ilə davam edib. Rəngarəng çıxışlar tədbirə xüsusi coşqu və bayram əhvali-ruhiyyəsi qatıb.

Sonda tədbir iştirakçıları bu əlamətdar günlərin tarixi və mənəvi əhəmiyyətini bir daha xatırlayaraq xoş təəssüratlarla ayrılıblar.