27.12.2023-cü il tarixdə “ÜTF və texnologiya” kafedrasının növbəti iclası keçirildi. İclasda kafedra müdiri, dos. E.M.Cavadov, dos. E.K.Yaqubov,dos. M.T.Nağıyev, dos. G.R.Əhədova, dos. (attestatsız) M.Ş.Sadıxova, b/m B.S.Hacıyeva, b/m S.A.Tağıyeva, b/m T.Z.Verdiyeva, b/m G.Q.Hüseynova, b/m E.C.Hüseynov, b/m A.H.Əliyeva, müəl. E.E.Həsənova, müəllim A.C.Məmmədzadə və müəllim İ.A.Seyidova iştirak edirdi.
İclasda digər məsələlərlə yanaşı fənlərin təlim nəticələrinin kvalifikasiyalarının qiymətləndirilməsində ayrı-ayrı fənlərin təlim nəticələrini ekspertiza etmək üçün yaradılmış komissiyanın məlumatı da dinlənildi.
Bu məsələ ilə əlaqədar olaraq kafedra müdiri, dos.E.M.Cavadov çıxış edərək bildirdi ki, bildiyiniz kimi kafedrada təlim nəticələrinin ekspertizası üçün komissiya yaradılmışdır. Bu komissiyanın üzvləri bir neçə fənnin fənn sillabuslarında yoxlama aparmışdır.Yoxlama nəticəsində müəyyən olunmuşdur ki, bəzi fənlərin sillabuslarında yazılmış təlim nəticələrində qüsurlar var. Məlum olduğu kimi, təlim nəticələri təhsil prosesini tamamladıqdan sonra tələbənin nəyi bilməli, anlamalı və ya nümayiş etdirə bilməli olduğuna dair ifadələrdir. Çox sayda səthi təlim nəticələrindənsə, az sayda vacib təlim nəticələrinin olması tövsiyə edilir. Bir proqramın 5-10 təlim nəticəsi olmalıdır. Proqramın təlim nəticələri tələbələrin nümayiş etdirmələri gözlənilən mühüm bilik, bacarıq və yanaşmaları təsvir etməlidir. Konkret olaraq “Əməyin mühafizəsi və təhlükəsizliyi”, “Tətbiqi mexanika”, “Materialların kəsilməsi,dəzgah və alətlər”, “Texnologiyanın tədrisi metodikası”, “Məişət mədəniyyəti və məişət xidməti”, “Kulinariya praktikumu”, “Texniki yaradıcılığın əsasları” fənlərinin sillabuslarında qeyd edilən təlim nəticələrində uyğunsuzluqlar aşkar edilmişdir.
Dos. (attestatsız) M.Ş.Sadıxova çıxış edərək bildirdi ki, təlim nəticələrini yazanda proseslərə deyil, nəticələrə diqqət yetirilməli, məsələn, tədrisimdə nə etdiyimə deyil, tələbələrin nə edə biləcəklərinə diqqət yetirilməlidir. Bütün nəticələr proqramın məqsəd və məzmununa uyğun gəlməlidir.
Təlim nəticələrinin üstünlüklərindən biri ondan ibarətdir ki, tələbələrdən nəyə nail olmaq tələb olunduğu və nailiyyətlərini necə nümayiş etdirmək lazım olduğu aydın surətdə göstərilir. Yaxşı olardı ki, gözlənilən təlim nəticələri hər kurs və proqram üzrə olduğu kimi, tədris başlamazdan əvvəl yazılsın və tədris prosesi zamanı professor-müəllim heyətinin üzvü və tələbə arasında dialoq vasitəsilə inkişaf etdirilsin.
Daha sonra kafedra müdiri, dos. E.M.Cavadov çıxış edərək bildirdi ki, komissiya üzvləri fənn müəllimləri ilə birlikdə adları yuxarıda qeyd edilən fənlərin təlim nəticələrində buraxılan nöqsanları müzakirə edərək aradan qaldırmış və sillabuslarda müvafiq düzəlişlər edilmişdir. Bundan sonra mərhələli şəkildə digər fənlərin sillabuslarında da təlim nəticələrinin ekspertizası da həyata keçiriləcəkdir.