GDU-nun Fizika kafedrasında alternativ enerji mövzusunda elmi seminar keçirilmişdir.




25 fevral 2025-ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsində Fizika kafedrasının “Alternativ enerji mənbələrinin müasir problemləri. Fotosintez” mövzusunda növbəti elmi seminarı keçirilmişdir. Seminarda kafedranın professor-müəllim heyəti və tələbələri iştirak etmişdir. Elmi seminarı Fizika kafedrasının müdiri dos. Y.B.Namazov açıq elan etdi və məruzəçinin kafedranın dosenti Niyazi Quliyev olduğunu bildirdi.
Dos. Yəhya Namazov giriş sözü ilə çıxış etdi və bildirdi ki, mövzu hazırda dünya fundamental elmlərini, o cümlədən fizika elmini düşündürən ən müasir problemə həsr edilmişdir. O, qeyd etdi ki, Yer kürəsində iqtisadiyyat sürətlə inkişaf edir və əhali sayı artaraq 9 milyarda yaxınlaşır. Bununla əlaqədar əhalinin enerjiyə olan tələbatı da durmadan artır və 2040-cı ilə bu artımın 30% olacağı gözlənilir. Hazırda enerjiyə olan tələbat əsasən ənənəvi yanacaq növləri; neft, daş kömür, qaz və hidroenergetika hesabına ödənilir. Lakin bu yanacaq növləri tükənən və bərpa olunmayan növlər olduğuna görə, enerji tələbatının ödənilməsinə ekoloji təmiz alternativ enerji mənbələri cəlb edilir. Onlardan günəş enerijisi, külək enerjisi, hidroenerji, geotermal enerji, biokütlənin molekulyar hidrogenə emalı nəticəsində alınan enerji və s. göstərmək olar. Lakin, bu enerji mənbələrindən enerjinin alınmasında da bir sıra çətinliklər ortaya çıxır. Məhz bu baxımdan bu seminarın mövzusu aktual mövzudur. Belə ki, fotosintez prosesi Günəş enerjisinin digər enerji növlərinə çevrilməsinin təbii prosesidir.
Dos. N.İ.Quliyev alternativ enerji mənbələrindən enerji alınması zamanı qarşıya çıxan problemlərdən geniş məlumat verdi. O qeyd etdi ki, fotosintezedici orqanizmlər günəş enerjisini özləri üçün faydalı kimyəvi enerjiyə çevirməyi və onun toplanmasını 3,5 milyard il əvvəl öyrənmişlər. Bu proses günəş enerjisini 100% effektivliklə kimyəvi enerjiyə çevirir. Bitkilərin fotosintetik aparatı enerji çevrilməsi prosesini modelləşdirmək üçün perspektivli obyektdir və onun komponentləri günəş energetikasında yarımkeçiricilər əsasında fotoelementlərə perspektivli alternativdir. Bu komponentlər günəş panellərinin yaradılması və təkmilləşdirilməsində əvəzolunmaz komponentlər ola bilər və bu artıq sübut olunmuşdur. Məhz buna görə də fotosistemlər yaradılması, ən aktual elmi maraqlar bu istiqamətə yönəlmişdir.
Daha sonra dos. N.İ.Quliyev fotosintez prosesində elektronların daşınmasının sxemindən, video görüntülərdən istifadə edərək süni fotosistemlərin hidrogen energetikasında, molekulyar hidrogenin alınmasındaki rollarını elmi nöqteyi nəzərdən əsaslandıraraq izah etdi. Süni fotosintez sistemində hidrogen hasilatı sxemini seminar iştirakçılarına video görüntü vasitəsilə təqdim etdi. O, yekunda qeyd etdi ki, süni fotosistemlər vasitəsilə molekulyar hidrogen yanacağının əsasında suyun elektrolizi durur ki, bu da su ehtiyatlarının tükənməz olduğu faktlarına söykənir.
Nəticə olaraq, dos. N.İ.Quliyev Jül Verinin “Sirli ada” (1875) kitabından belə bir fikir səsləndirdi: “… mən düşünürəm ki, daş kömür ehtiyatları tükəndikdən sonra, bəşəriyyət su ilə istilik alacaq və qızınacaqdır. Su gələcəyin kömürüdür.”
Elmi seminarın sonunda iştirakçılar məruzəçiyə onları maraqlandıran suallar ünvanladılar. Elmi seminar müzakirələrlə yekunlaşdı.