YENI IL BAYRAMI- 2017

images-1

 

Bu bayramın yaranmasının azı 25 əsrlik tarixi var. İlin dəyişməsini bayram etmək adəti ilk dəfə qədim Mesopotamiyada yaranıb. Eramızdan əvvəl IV minilliyin sonunda Şumer, Babilistan, Assuriya kimi bu günümüzə qədər gəlib çatan mədəni irsiylə hələ də bizi heyrətləndirən mədəniyyət mərkəzləri burada təşəkkül tapıb. Tarixçi alimlərin fikrincə, məhz həmin dövrdə burada Yeni ilin gəlişi ilk dəfə bayram edilib. Martın axırında Dəclə və Fərat çaylarında suyun səviyyəsi artanda əkin-biçin işləri başlayarmış. İnsanlar yeni ilin gəlişini də elə o zaman qeyd etmişlər. 12 gün ərzində təntənəli mərasimlər davam edərmiş. Xeyir tanrısı Mərdükün şər qüvvələr və ölüm üzərində hakimiyyəti başlayarmış. Bütün məhkəmə işləri, cəzalar təxirə salınarmış. Həmin dövrə aid gil kitabələrdən biri üzərində yazılmış mətnə görə, bu bayramda “qul ağaya çevrilərmiş”. Yeri gəlmişkən, “Karnaval” sözü babil dilindən tərcümədə “gəmi-dəniz” deməkdir. Bu da Mərdükün Dəclədə üzməsilə bağlı ayinlərdən gələn ifadədir. Bayram günlərindən birində Mərdükün dəhşət ilahəsi, ilanbaşlı Tiamatla döyüşü səhnəsi canlandırılarmış. Nəticədə, əlbəttə ki, Mərdükün qalib gələrmiş. Babilistan əsirliyində olan yəhudilər Yeni il bayramı ənənəsini babillərdən öyrənərək sonradan onu yunanlara ötürüblər. Yunanlar vasitəsilə isə bu ənənə Qərbi Avropaya yayılıb.

Başqa bir mənbəyə görə, Qədim Şərqdə hələ İran dövlətinin yenicə yaranmağa başladığı dövrdə iranlıların artıq təqvimləri var imiş. Onlar bilirmişlər ki, ilin bir günü var ki, həmin gün ən qısa gündüz ən uzun gecəylə növbələşir. Və bu gündən sonra həyatverici Günəş səmada get-gedə daha çox bərq vurur, təbiət oyanmağa başlayır və həyat cansıxıcı qış – yəni ölüm üzərində qələbə çalır. Qədim hindlilər və farslar müasir təqvimlə dekabrın 22-nə təsadüf edən həmin günü “Günəş qapısı” adlandırarmışlar. Sonralar həmin gün Günəş Tanrısı Mitranın doğum günü kimi qeyd edilməyə başlayır. Möhtəşəm İran dövlətini diz çökdürən romalılar Mitranı da özününküləşdirirlər. Qədim Romada təqvim aylarındakı günlərin sayı müxtəlif idi. Hətta rüşvət verib onları dəyişdirmək də olardı. Lakin bir gün dəyişməz idi. Yeni il həmişə yanvarın 1-i gəlirdi və Mitranın doğum günü – İşığın Qaranlıq üzərində qələbəsi günü də bununla üst-üstə düşürdü.

Əsrlər keçdi. Roma dövləti rəsmi olaraq xristian dövləti kimi tanındı. Və məlum oldu ki, İsa peyğəmbərin doğum günü də elə dekabrın son günlərinə təsadüf edir. Beləcə bu bayram həm yeni ilin gəlişini, həm həyatın ölüm üzərində qələbəsini, həm də Milad gününü özündə birləşdirmiş oldu. [2]

Dünyanın hər yerində bütün insanlar Yeni ili eyni ümidlərlə — xoş möcüzələr, yeni uğurlar, xoşbəxtlik arzusuyla gözləsələr də bayramı hərə öz adət-ənənəsinə uyğun qarşılayır. Avropa ölkəsi olan Fransada Şaxta baba Per Noel — yəni Noel ata adlanır. O, Yeni il gecəsi gəlir və evin balaca sakinlərinin başmağına hədiyyələr qoyur. Böyüklərsə bayram günü daha çox yeyib-içməyi sevirlər. Fransanın şərab ölkəsi olduğunu nəzərə alsaq, vəziyyəti təsəvvür etmək olar. Bu ölkədə bayramın ən maraqlı tərəfi hədiyyələrdir. Amma burada bir qədər diqqətli olmaq lazımdır. Hər hədiyyəni hər adama vermək olmaz. Məsələn, bu bayramda qadının öz ərindən başqa kimdənsə hədiyyə olaraq ətir qəbul etməsi yaxşı hal hesab olunmur.

Yeni ildə İsveçrədə insanlar bir-birinə şam hədiyyə edirlər ki, bu da dostluğun və sevincin rəmzidir. Bayram axşamı isə ailə başçısı — ata zibil atmaq bəhanəsilə evdən çıxır və Yul Tomten (Şaxta baba) obrazında qayıdır və uşaqlara hədiyyələr paylayır.

İtaliyada yeni ildə uşaqların isə Şaxta babaları yox, Şaxta nənələri var. Onun adı Befan nənədir. Bu ölkədə Yeni ili bərkdən qışqıraraq qarşılamaq adəti var. Ucadan danışmaq italyanlar üçün adi hal olsa da Yeni il gecəsi onlar öz səslərinə tam sərbəstlik verirlər. Beləcə onlar həm də köhnə ilə vidalaşırlar. Əgər Yeni il bayramı ərəfəsində təsadüfən Roma küçələrindən keçsəniz ehtiyatlı olun. Çünki pəncərələrdən atılan köhnə ev əşyalarına hədəf ola bilərsiniz. İtalyanlar hesab edirlər ki, Yeni ilin astanasında bütün pis fikirlərdən və köhnə əşyalardan xilas olmaq lazımdır.

Böyük Britaniyada bayram günü evdə ideal təmizlik və qanun-qayda hökm sürməlidir. Gecə düşərkən ailənin başçısı illərin yerdəyişməsi üçün evin bütün qapılarını geniş açır. Daha sonra qapı bağlanır və evə ilk gələcək qonaq həyəcan və səbirsizliklə gözlənilir. İnanca görə ilin necə keçəcəyi içəri girən adamın görkəmindən çox asılıdır. Qadınlar, sarışınlar və əsmərlər o qədər də arzuolunan deyillər. Ən uğurlu qonaq kürən kişi hesab olunur. Dəhşətli hadisə, çatmaqaş adamın içəri girməsinə qarşı isə o dəqiqə ehtiyat tədbirləri görülür. Ocağa duz atılır, qapıdan xaç asılır. Gələn qonaq özüylə viski, şirin çörək və kömür gətirməlidir. Kömür ocağa atılır ki, Yeni ildə ailə ocağı daha gur yansın.

Yeni ildə İslandiyada  kiçiklər öz valideynlərini xeyli təəccübləndirirlər. Bu balaca çoxbilmişlər Şaxta babanın onlara göz qoymasından ehtiyatlanaraq ay boyu özlərini yaxşı aparır, dəcəllik etmirlər. Əks halda bayram gecəsi sobanın yanına qoyduqları çəkmələrin içində kartof və ya bir parça kömür tapa bilərlər.

Almanlar Yeni il gecəsi saat 12-ni vurarkən ovuclarında metal pul sıxaraq tullanırlar. İnanırlar ki, bunu etsələr yeni il daha bərəkətli olacaq.

Finlandiyada Yeni il süfrəsi gavalı kiseli və düyü sıyığı olmadan təsəvvür edilmir. Bayramın əsas qəhrəmanı isə fin Şaxta baba — Youlupukkidir.

İspaniyada bayram günü hamı şəhərin mərkəzi meydanına axışır. Üzüm yeməyə. Həm də kütləvi şəkildə. Hər kəs müəyyən vaxt ərzində 12 salxım üzüm yeməlidir. Bayram axşamı küçələrdə müxtəlif tələlər qurulur. Bu onun üçündür ki, pis qüvvələr köhnə ildə ilişib qalsın.

Avstriyada hələ qədimlərdən Yeni il bayramının xeyirxah obrazları bacatəmizləyən və donuzdur. Bu, əlbəttə, sonuncunun bayram süfrəsində həzm-rabedən keçirilməsinə mane olmur. Yeni il Avstriyada çox şən keçir, insanlar yeni il gecəsini kücələrdə şənlənməklə və karnavallarla keçirirlər.

Yeni il Rusiyada ən çox sevilən bayramdır. Uşaqlar yeni ildən hədiyyələr, böyüklər isə səadət, xoşbəxtlik gözləyir. Bu ənənənin əsası 300 il bundan əvvəl Birinci Pyotrun əmri ilə qoyulub. Əmrdə, həmçinin ağac bəzəmək də öz əksini tapıb. Məhz küknar ağacı 19-cu əsrin axırlarında dəbə mindi.

Yeni il gecəsi süfrəyə mütləq müxtəlif yeməklər, salatlar, içkilər, piroqlar qoyulur. İnanca görə, süfrə nə qədər dolu və gözəl olarsa, qarşıdan gələn il də elə olacaq. Süfrənin ortasına mütləq odda qızardılmış donuz balası qoyulur. Çünki donuz ruslarda bolluq və var-dövlət simvolu kimi tanınır. Süfrəyə quş ətindən heç nə qoyulmur, hesab edilir ki, evdən xoşbəxtlik uça bilər. Xəmirdən müxtəlif heyvan fiqurları bişirilib gələn qonaqlara paylanır. Yeni ili mütləq təzə paltar və ayaqqabıda qarşılayırlar ki, gələn il də həmişə təzə paltar, ayaqqabı almaq imkanı olsun. Yeni il qabağı hamı çalışır ki, bütün borcları qaytarsın, küsülülər barışsın. Evdən sınmış qab-qacağı atır, pəncərə və güzgülər parıldayana qədər silinir. Müxtəlif karnavallar, ballar təşkil olunur, hamı səhərə kimi rəqs edir

YENİ İL BAYRAMINIZ MÜBARƏK OLSUN!