31 DEKABR DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜ VƏ YENİ İL BAYRAMI

Yeni il və ya Təzə il bayramı — yeni təqvim ilinin başladığı vaxt və ya gündür. Dünyanın müxtəlif xalqları üçün ənənəvi  bayrama çevrildiyi kimi,  Azərbaycanda da insanların məişətinə daxil olub. Bir çox mədəniyyətlər hadisəni hansısa şəkildə qeyd edirlər. Bu gün ən çox istifadə edilən təqvim sistemi olan  Qriqorian təqvimində Yeni il yanvarın 1-də (Yeni il günü, yeni il ərəfəsindən sonra) baş verir. Bu həm də orijinal Yuli təqvimində və  Qədim Roma təqvimində  (e.ə. 153-cü ildən sonra) ilin ilk günü idi. Yəhudilərdə Roş -Ha-Şana və islamda Hicri yeni il  qeyd edilir.

Bəzi fərziyyələrə görə Yeni ili ilk dəfə qədim çinlilər qeyd ediblər. Digər mənbələrdə bu, qədim germanlar və romalıların adı ilə bağlanır. Başqa bir mənbə isə ənənənin Mesopotamiyada  yarandığını sübut etməyə cəhd edir.

Dünyanın hər yerində bütün insanlar Yeni ili eyni ümidlərlə — xoş möcüzələr, yeni uğurlar, xoşbəxtlik arzusuyla gözləsələr də bayramı hərə öz adət-ənənəsinə uyğun qarşılayır. Avropa ölkəsi olan Fransada Şaxta baba Per Noel — yəni Noel ata adlanır. O, Yeni il gecəsi gəlir və evin balaca sakinlərinin başmağına hədiyyələr qoyur. Böyüklərsə bayram günü daha çox yeyib-içməyi sevirlər. Fransanın şərab ölkəsi olduğunu nəzərə alsaq, vəziyyəti təsəvvür etmək olar. Bu ölkədə bayramın ən maraqlı tərəfi hədiyyələrdir. Amma burada bir qədər diqqətli olmaq lazımdır. Hər hədiyyəni hər adama vermək olmaz. Məsələn, bu bayramda qadının öz ərindən başqa kimdənsə hədiyyə olaraq ətir qəbul etməsi yaxşı hal hesab olunmur. Yeni il həmçinin Azərbaycanda da qeyd olunur. Şənliklər keçirilir, uşaqlar Şaxta baba ilə Qar Qızın yolunu gözləyir.Bəzi insanlar deyir ki, Azərbaycan müsəlman ölkəsidir deyə yeni il keçirmək düzgün deyil.Bunlar səhvdir.Əslində yeni il təqvimin yenilənməsinə görə qeyd olunur. Əgər elə olsaydı, tədbirlər keçirilməz,şam ağacları bəzədilməzdi.  Yeni ildə İsveçrədə insanlar bir-birinə şam hədiyyə edirlər ki, bu da dostluğun və sevincin rəmzidir. Bayram axşamı isə ailə başçısı — ata zibil atmaq bəhanəsilə evdən çıxır və Yul Tomten (Şaxta baba) obrazında qayıdır və uşaqlara hədiyyələr paylayır.

Yeni il Rusiyada ən çox sevilən bayramdır. Uşaqlar yeni ildən hədiyyələr, böyüklər isə səadət, xoşbəxtlik gözləyir. Bu ənənənin əsası 300 il bundan əvvəl Birinci Pyotrun əmri ilə qoyulub. Əmrdə, həmçinin ağac bəzəmək də öz əksini tapıb. Məhz küknar ağacı 19-cu əsrin axırlarında dəbə mindi. Yeni il gecəsi süfrəyə mütləq müxtəlif yeməklər, salatlar, içkilər, piroqlar qoyulur. İnanca görə, süfrə nə qədər dolu və gözəl olarsa, qarşıdan gələn il də elə olacaq. Süfrənin ortasına mütləq odda qızardılmış donuz balası qoyulur. Çünki donuz ruslarda bolluq və var-dövlət simvolu kimi tanınır. Süfrəyə quş ətindən heç nə qoyulmur, hesab edilir ki, evdən xoşbəxtlik uça bilər. Xəmirdən müxtəlif heyvan fiqurları bişirilib gələn qonaqlara paylanır. Yeni ili mütləq təzə paltar və ayaqqabıda qarşılayırlar ki, gələn il də həmişə təzə paltar, ayaqqabı almaq imkanı olsun. Yeni il qabağı hamı çalışır ki, bütün borcları qaytarsın, küsülülər barışsın. Evdən sınmış qab-qacağı atır, pəncərə və güzgülər parıldayana qədər silinir. Müxtəlif karnavallar, ballar təşkil olunur, hamı səhərə kimi rəqs edir. Milad küknarını qurmaq ənənəsi Rusiyada yalnız XIX-cu əsrin 20-ci illərində Peterburq almanları tərəfindən yayılıb. İlk dəfə Milad bayramı küknarla imperator ailəsində açıq qeyd edilməyə başlayıb. Birinci Nikolayın dövründə Qış sarayında hər il imperatorun uşaqları, qardaşı və bacısı uşaqları üçün küknar və hədiyyələrlə dolu bayramlar keçirilməyə başlayıb.

Yeni il bayramını al-əlvan, bərli-bəzəkli şam ağacısız təsəvvür etmək qeyri-mümkündür. Əlbəttə, bu şam ağacı təbii küknar ağacından olsa və yarpaqları ətir saçsa daha gözəl olardı. Amma təbiəti qorumaq xatirinə süni şam ağacları ilə də keçirmək olar. Bəs Yeni il bayramında yolka bəzəməyin mənası nədir? Çoxları şam ağacları bəzəmək ənənəsini də xristian dini ilə əlaqələndirir. Əslində isə, həyat rəmzi olan şam ağacının bəzənməsi tarixi xristianlıqdan əvvəl başlayıb və hansısa bir dinlə bağlı deyil. Hələ miladdan çox-çox əvvəl qədim Misirin sakinləri dekabrın ən qısa günlərində yaşıl palma ağaclarını evlərinə gətirirdilər. Bu, həyatın ölüm üzərində qələbəsinin rəmzi idi. Romalılar isə Əkin ilahının şərəfinə evlərini yarpaqlarla bəzəyirdilər. Druidlər palıd budaqlarına qızıl almalar asıb qış bayramını qeyd edirdilər. Orta əsrlərdə qırmızı almalarla bəzədilmiş həmişəyaşıl ağaclar  dekabrın 25-də qeyd edilən Adəm və Həvva bayramının rəmzi idi.