
Gənclər günü — Azərbaycanda hər il 2 fevral tarixində qeyd edilən gün.
Bu gün 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub.
Bu, Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra, digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər.
Ümummilli lider Heydər ƏLİYEV: Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır, siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq.
Gənclik millətin gələcəyinin, inkişafının təməl daşıdır. Millətin mövcudluğu üçün sağlam gənclik vacib şərtdir. Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların hazırlığından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır.
2 Fevral Gənclər Günüdür. Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Ümummilli liderimiz Heydər Əliyev öz siyasətində daima gənclərə qayğı göstərmişdir. Ulu Öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür.
Dünyada yalnız 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilmişdir.