FİZİKA VƏ TEXNİKİ FƏNNLƏR FAKÜLTƏSİ TƏLƏBƏ ELMİ CƏMİYYƏTİNİN TƏŞKİLATÇILIĞI İLƏ ELMİ SEMİNAR KEÇİRİLİB

Gəncə Dövlət Universitetində Fizika və texniki fənnlər fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə 8 mart – Beynəlxalq qadınlar gününə həsr edilmiş “Fizikada qadın gücü : Maria Curie irsi və müasir elm” adlı elmi seminar keçirilib. Seminarı giriş sözü ilə açan Fizika və texniki fənnlər fakültəsinin dekanı professor Muğan Quliyev qarşıdan gələn 8 mart – Beynəlxalq qadınlar günü münasibətilə fakültənin müəllim və tələbələrini təbrik etmiş, qadınların elm və təhsil sahəsindəki rolundan bəhs etmişdir. O, Marie Curienin elm tarixində xüsusi yer tutduğunu vurğulayaraq onun radioaktivlik sahəsində apardığı fundamental tədqiqatların müasir elmin inkişafına böyük töhfə verdiyini qeyd etmişdir.
Daha sonra Fizika kafedrasının müdiri dosent Yəhya Namazov çıxış etmiş, müəllim və tələbələrimizə ən xoş arzularını çatdırmışdır. Marie Curie həyat və yaradıcılığı haqqında geniş məlumat vermiş, onun elmi fəaliyyətində qarşılaşdığı çətinliklərə baxmayaraq əldə etdiyi böyük nailiyyətlərdən danışmışdır.
Seminar çərçivəsində tələbələr – Ülviyyə Məmmədli ( TEC sədri ), Mədinə Ələkbərova, Səba Həsənova, Südabə Allahverdiyeva və Qaratel Quliyeva mövzu ilə bağlı maraqlı təqdimatlar və çıxışlar etmiş, Marie Curienin elmi fəaliyyətini müxtəlif aspektlərdən təhlil etmişlər. Sonda seminar iştirakçıları arasında sual-cavab sessiyası və interaktiv müzakirələr təşkil olunmuş, mövzunun daha yaxşı mənimsənilməsi məqsədilə müxtəlif intellektual suallar ünvanlanmışdır. Bu hissə tələbələrin mövzuya marağını daha da artırmış və seminarın daha canlı və interaktiv keçməsinə şərait yaratmışdır. Tələbələr fakültə rəhbərliyinə və Tələbə Elmi Cəmiyyətinə öz təşəkkürlərini bildiriblər.