GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ VƏ  GƏNCƏ ŞƏHƏR 31 SAYLI MƏKTƏBİ  BİRLİKDƏ “FİZİKA AYLIĞI” ÇƏRÇİVƏSİNDƏ İNTELLEKTUAL YARIŞ KEÇİRİLİB

Gəncə şəhər 31 saylı tam orta məktəbdə “Fizika aylığı”nın tədbirlər planına uyğun olaraq yuxarı sinif şagirdləri arasında “Breyn rinq” intellektual yarışı təşkil edilib. Tədbir Gəncə Dövlət Universitetinin (GDU) fizika kafedrasının təşkilatçılığı ilə baş tutub.

Yarışın keçirilməsində əsas məqsəd ümumtəhsil məktəbi şagirdlərinin fizika fənninə olan marağını artırmaq, onların intellektual səviyyəsini üzə çıxarmaq, eləcə də məktəb-ali məktəb əlaqələrini gücləndirmək olub.

Yarışda universitetin fizika kafedrasının müdiri dosent Yəhya Namazov, universitetin Təcrübə və Karyera Mərkəzinin müdiri dosent Cabbar Qarayev, kafedranın baş müəllimi Seyfəddin Musayev, eləcə də məktəbin direktor müavini Elçin Qurbanov, fizika müəllimləri Təbriz Abbasov, Rəna Veyisova və Aytən Əbdürrəhmanova iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan dosent Yəhya Namazov yarış iştirakçılarını salamlayaraq, “Fizika aylığı”nın əhəmiyyətindən danışıb və gənclərə uğurlar arzulayıb.Daha sonra çıxış edən dosent Cabbar Qarayev universitet-məktəb əməkdaşlığının vacibliyini vurğulayıb. O, Gəncə Dövlət Universiteti ilə şəhərin ümumtəhsil müəssisələri arasında əlaqələrin bundan sonra da davam etdiriləcəyini, birgə layihə və tədbirlərin təşkilinin hər iki tərəf üçün faydalı olduğunu bildirib.

Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışın müsiflər heyəti və aparıcıları isə məktəbdə pedaqoji təcrübə keçən fizika müəllimliyi ixtisasının IV kurs tələbələri olublar. Yarişda onların bu fəaliyyəti tələbələr üçün həm nəzəri biliklərin praktikada tətbiqi, həm də pedaqoji bacarıqların inkişafı baxımından əhəmiyyətli təcrübəyə çevrilib. Münsiflər heyəti qarşısında öz biliklərini sınayan şagirdlər fizika fənninin müxtəlif sahələri üzrə sualları cavablandırıb, məntiqi düşünmə bacarıqlarını nümayiş etdiriblər. Komandalar arasında maraqlı mübarizə şəraitində keçən oyun həm iştirakçılara, həm də tamaşaçılara unudulmaz anlar yaşadıb.

Yarışın sonunda qalib gələn komanda məktəb rəhbərliyi və universitet nümayəndələri tərəfindən diplom və hədiyyələrlə təltif olunub. Tədbir iştirakçılar və qonaqlar tərəfindən maraqla qarşılanıb, belə intellektual yarışların şagirdlərin fənnə olan marağının artırılmasında mühüm rol oynadığı qeyd edilib.