


Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy rayonu Faxralı kənd tam orta məktəbinin yuxarı sinif şagirdləri və fizika müəllimi Lamiyə Quliyevanın rəhbərliyi ilə “Fizika fənn aylığı” çərçivəsində keçirilən tədbirlər planına uyğun olaraq Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsində olublar.
Şagirdlərin fizika elminə olan marağını artırmaq, onların analitik və tənqidi düşüncə bacarıqlarını inkişaf etdirmək, eləcə də ali təhsil müəssisəsinin laboratoriya bazası ilə yaxından tanış olmaq səfərin məqsədi olub.
Fakültədə keçirilən görüşdə qonaqları fakültənin dekanı, professor Muğan Quliyev, Fizika kafedrasının müdiri dosent Yəhya Namazov, Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev və Fizika kafedrasının dosenti Mətanət Tağıyeva qarşılayıblar.
Fizika kafedrasının müdiri dosent Yəhya Namazov şagirdlərə kafedranın müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalarını ətraflı şəkildə tanıdıb. Laboratoriyalarda təcrübələr nümayiş etdirib, elmi-tədqiqat işləri və tədris prosesi barədə məlumat verib. Dosent Y. Namazov çıxışında şagirdlərin fizika fənninə dərin maraq göstərməsinin, eləcə də analitik və tənqidi düşüncə bacarıqlarını inkişaf etdirməsinin vacibliyini vurğulayıb. O, gənc nəslin elmə olan marağının dəstəklənməsi istiqamətində məsləhətlər verib.
Fakültə rəhbərliyi tərəfindən qeyd olunub ki, orta məktəblərlə ali təhsil müəssisələri arasında belə əməkdaşlıq şagirdlərin gələcək peşə seçiminə müsbət təsir göstərir, onların elmi dünyagörüşünü formalaşdırır.
Səfərin sonunda şagirdlər onlar üçün təşkil olunan maraqlı və məzmunlu proqrama görə universitet rəhbərliyinə və müəllimlərə minnətdarlıqlarını bildiriblər. Məktəbin fizika müəllimi,Fizika və texniki fənlər fakültəsinin məzunu Lamiyə Quliyeva isə “Fizika aylığı” çərçivəsində belə tədbirlərin təşkilinin şagirdlərin elmi potensialının artırılmasında mühüm rol oynadığını dilə gətirib.