Texnologiya müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Məhərrəmova Aysun Köçəri qızının nümunəvi dərsi keçirilib

Texnologiya müəllimliyi ixtisası üzrə tələbənin nümunəvi dərsi keçirilib
Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin Texnologiya müəllimliyi ixtisası üzrə IV kurs tələbələrinin pedaqoji təcrübəsi uğurla davam edir. 15 aprel 2026-cı il tarixində universitetin adı çəkilən ixtisas üzrə təhsil alan tələbəsi Məhərrəmova Aysun Köçəri qızı tərəfindən Gəncə şəhəri 28 saylı orta məktəbin 7 “A” sinfində “Elektrik çaydanının quruluşu və iş prinsipi” mövzusunda nümunəvi sınaq dərsi təşkil olunub.
Dərs müasir təlim metodlarına uyğun şəkildə qurulub, şagirdlərin fəallığını artırmağa yönəlmiş interaktiv üsullardan istifadə edilib. Müəllim kimi iştirak edən Aysun Məhərrəmova mövzunu izah edərkən elektrik çaydanının əsas hissələri, onların funksiyaları, eləcə də cihazın işləmə prinsipi barədə ətraflı məlumat verib. Təqdimat zamanı vizual vasitələrdən və praktik nümunələrdən istifadə olunması şagirdlərin mövzunu daha yaxşı mənimsəməsinə şərait yaradıb.
Dərs prosesində şagirdlərlə sual-cavab aparılıb, onların gündəlik həyatda istifadə etdikləri elektrik cihazları ilə bağlı bilikləri yoxlanılıb və mövzu ilə əlaqələndirilib. Bu isə dərsin həm nəzəri, həm də praktik baxımdan effektivliyini artırıb.
Nümunəvi dərsdə universitetin və təcrübə proqramının məsul şəxsləri də iştirak ediblər. Belə ki, Ümumi texniki fənlər və texnologiya kafedrasının müdiri, dosent Elçin Cavadov, Təcrübə və karyera şöbəsinin müdiri, dosent Cabbar Qarayev, həmçinin təcrübə rəhbərləri – attestatsız dosent Mətanət Sadıxova və baş müəllim Afət Əliyeva, eləcə də həmin ixtisas üzrə təhsil alan tələbələr dərsi izləyiblər.
İştirak edən müəllimlər dərsə müsbət rəy verərək qeyd ediblər ki, tələbə mövzunu aydın və səlis şəkildə izah edib, şagirdlərlə düzgün ünsiyyət quraraq onların dərsə marağını təmin edə bilib. Eyni zamanda, dərsin quruluşu, vaxt bölgüsü və istifadə olunan metodik yanaşmalar yüksək qiymətləndirilib.
Qeyd edək ki, pedaqoji təcrübə gələcək müəllimlərin peşəkar bacarıqlarının formalaşmasında mühüm rol oynayır. Bu kimi nümunəvi dərslər tələbələrin real məktəb mühitində təcrübə qazanmalarına, nəzəri biliklərini praktikada tətbiq etmələrinə geniş imkan yaradır.