


Gəncə şəhəri 28 saylı tam orta məktəbdə pedaqoji təcrübə keçən Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin IV kurs tələbəsi Əsgərova Səma 16 aprel 2026- cı il tarixində nümunəvi sınaq dərsi keçib. Pedaqoji təcrübə çərçivəsində baş tutan dərsdə təcrübəçi tələbə 7 “B” sinfində “Gərginlik” mövzusunu şagirdlərə təqdim edib.
Dərs müasir təlim metodlarına əsaslanıb. Səma Əsgərova ağıllı lövhə və praktik nümunələrdən istifadə edərək şagirdlərin mövzunu əyani şəkildə mənimsəməsinə nail olub. Gələcək müəllimin fəndaxili inteqrasiyadan məharətlə yararlanması xüsusi diqqət çəkib. Sual-cavab formatında keçən dərsdə şagirdlərin gündəlik həyatda istifadə etdikləri elektrik cihazları ilə bağlı bilikləri mövzu ilə əlaqələndirilib. Bu yanaşma dərsin həm nəzəri, həm də praktik effektivliyini artırıb.
Nümunəvi dərsi universitetin Fizika kafedrasının müdiri, dosent Yəhya Namazov, Təcrübə və karyera şöbəsinin müdiri, dosent Cabbar Qarayev, təcrübə rəhbəri, pedaqogika üzrə fəlsəfə doktoru Samirə Rüstəmova, məktəbin fizika müəllimi Nailə İbrahimova və ixtisas üzrə digər tələbələr izləyiblər.
İştirakçı müəllimlər dərsə yüksək qiymət veriblər. Onlar vurğulayıblar ki, tələbə mövzunu aydın və səlis izah edib, şagirdlərlə düzgün ünsiyyət quraraq onların marağını təmin edə bilib. Dərsin quruluşu, vaxt bölgüsü və metodik yanaşmaları da təqdirəlayiq hesab olunub.
Qeyd edək ki, pedaqoji təcrübə gələcək müəllimlərin peşəkar bacarıqlarının formalaşmasında mühüm rol oynayır. Bu cür nümunəvi dərslər tələbələrə real məktəb mühitində təcrübə qazanmaq və nəzəri biliklərini praktikada tətbiq etmək imkanı yaradır.