







20 aprel 2026-cı il tarixində Gəncə Dövlət Universitetinin “Ümumi texniki fənlər və texnologiya” kafedrasının növbəti iclası keçirilib. İclasda kafedranın 17 nəfərdən ibarət professor-müəllim heyəti və tədris-köməkçi heyəti tam tərkibdə iştirak edib və tədris prosesinin təkmilləşdirilməsi istiqamətində bir sıra vacib məsələlər müzakirə olunub.
İclasın əsas diqqət mərkəzində kafedranın dosentləri Emin Kərim oğlu Yaqubov və Elçin Məhəmməd oğlu Cavadovun həmmüəllifi olduqları “Materialşünaslıq” adlı dərsliyin müzakirəsi olub. Kafedra müdiri Elçin Cavadov çıxışında bildirib ki, bu dərslik universitetdə “Texnologiya müəllimliyi”, “Maşın mühəndisliyi”, “Kimya mühəndisliyi” ixtisaslarında, eləcə də magistratura səviyyəsində “Qeyri-üzvi kimya” ixtisası üzrə tədris olunan Materialşünaslıq fənnini əhatə edir və müasir təhsil proqramlarının tələblərinə tam cavab verir. Qeyd olunub ki, dərslik plagiat yoxlamasından uğurla keçib və onun orijinallığı təsdiqlənib, eyni zamanda respublikanın nüfuzlu alimləri tərəfindən yüksək elmi və metodiki səviyyəsi ilə bağlı müsbət rəylər verilib.
Dərsliyə respublikada bu sahə üzrə tanınmış görkəmli alimlər Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmiqayırma və gəmi təmiri” kafedrasının professoru, texnika elmləri doktoru Nizami Şayı oğlu İsmayılov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Materialşünaslıq və emal texnologiyaları” kafedrasının müdiri, texnika elmləri doktoru, professor Tahir Qaffar oğlu Cabbarov, VEKTOR Beynəlxalq Elmlər Akademiyasının Prezidenti, Əməkdar müəllim, texnika elmləri doktoru, professor Elçin Barat oğlu İsgəndərzadə, Azərbaycan Dövlət Aqrar Universitetinin “Texniki mexanika və maşın mühəndisliyi” kafedrasının müdiri, texnika elmləri doktoru, professor Cəmaləddin Ələkbər oğlu Məmmədov, Azərbaycan Texniki Universitetinin “Xüsusi texnologiyalar və avadanlıqlar” kafedrasının dosenti, texnika üzrə fəlsəfə doktoru Çingiz Mirzəmməd oğlu Məmmədov tərəfindən müsbət rəylər verilmişdir
Müzakirələr zamanı çıxış edən kafedra üzvləri dərsliyin məzmununun sistemli qurulduğunu, materialların sadədən mürəkkəbə doğru ardıcıllıqla təqdim edildiyini, nəzəri biliklərlə praktiki tətbiqlərin effektiv şəkildə əlaqələndirildiyini xüsusi vurğulayıblar. Bildirilib ki, dərslik materialşünaslıq sahəsində əsas anlayışları dərindən izah etməklə yanaşı, tələbələrdə analitik düşüncə, səbəb-nəticə əlaqələrini anlama və mühəndis yanaşmasının formalaşmasına mühüm töhfə verəcək. İclasda dərsliyin çap olunması məqsədəuyğun hesab edilib və məsələ yekdilliklə Fakültə Elmi Şurasına təqdim olunub.
İclasda eyni zamanda “Maşın mühəndisliyi” ixtisası üzrə iki seçmə fənn proqramı – “Qida sənayesi, iaşə və ticarətin texnoloji maşın və avadanlıqları” və “Maşın hissələrinin etibarlılığı və bərpa texnologiyası” proqramları da geniş müzakirə edilib. Qeyd olunub ki, hər iki proqram müasir təhsil yanaşmalarına uyğun olaraq kompetensiya əsaslı şəkildə hazırlanıb və tələbələrin həm nəzəri biliklərini, həm də praktiki bacarıqlarını inkişaf etdirməyə yönəlib. Proqramlarda laborator məşğələlərə geniş yer ayrılması, texnoloji proseslərin təhlili, enerji səmərəliliyi, təhlükəsizlik tələbləri, eləcə də istehsalat yönümlü məsələlərin əhatə olunması onların praktik əhəmiyyətini artırır.
Bununla yanaşı, proqramlarda avtomatlaşdırma, rəqəmsal texnologiyalar, innovativ yanaşmalar və Sənaye 4.0 elementlərinin nəzərə alınması xüsusi vurğulanıb ki, bu da məzunların müasir əmək bazarının tələblərinə uyğun hazırlanmasına xidmət edir. İclas iştirakçıları çıxışlarında bu proqramların mühəndis hazırlığında mühüm rol oynayacağını qeyd edərək onların tədris prosesinə tətbiqini və nəşrini dəstəkləyiblər.
Sonda hər iki fənn proqramının çap olunması məqsədəuyğun hesab edilib və müvafiq sənədlərin Fakültə Elmi Şurasına göndərilməsi barədə qərar qəbul olunub.
Qeyd edək ki, qəbul edilən bu qərarlar Gəncə Dövlət Universitetində mühəndislik və texniki ixtisaslar üzrə tədrisin müasir standartlara uyğun inkişafına, eləcə də təhsil keyfiyyətinin daha da yüksəldilməsinə yönəlib.