GƏNCƏ ŞƏHƏR 31 SAYLI TAM ORTA MƏKTƏBİNDƏ GƏLƏCƏK FİZİKA MÜƏLLİMİNİN SINAQ DƏRSİ OLMUŞDUR

Gəncə şəhəri 31 saylı tam orta məktəbdə  pedaqoji təcrübə keçən Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin IV kurs tələbəsi Novruzlu Nəzrin 24 aprel 2026- cı il tarixində  nümunəvi sınaq dərsi keçib. Pedaqoji təcrübə çərçivəsində baş tutan dərsdə təcrübəçi tələbə 7 “A” sinfində “Naqilin  müqaviməti nədən asılıdır” mövzusunu şagirdlərə təqdim edib.

Dərs müasir təlim metodlarına əsaslanıb. Nəzrin Növruzlu ağıllı lövhə və praktik nümunələrdən istifadə edərək şagirdlərin mövzunu əyani şəkildə mənimsəməsinə nail olub. Gələcək müəllimin fəndaxili inteqrasiyadan məharətlə yararlanması xüsusi diqqət çəkib. Sual-cavab formatında keçən dərsdə şagirdlərin gündəlik həyatda istifadə etdikləri elektrik cihazları ilə bağlı bilikləri mövzu ilə əlaqələndirilib. Bu yanaşma dərsin həm nəzəri, həm də praktik effektivliyini artırıb.

Nümunəvi dərsi universitetin Fizika kafedrasının müdiri, dosent Yəhya Namazov, Təcrübə və karyera şöbəsinin müdiri, dosent Cabbar Qarayev, təcrübə rəhbəri, b/m. Seyfəddin Musayev.,  məktəbin direktor müavini Elçin Qurbanov., fizika müəllimləri Təbruz Muradov, Rəna Veysova  və ixtisas üzrə digər tələbələr izləyiblər.

İştirakçı müəllimlər dərsə yüksək qiymət veriblər. Onlar vurğulayıblar ki, tələbə mövzunu aydın və səlis izah edib, şagirdlərlə düzgün ünsiyyət quraraq onların marağını təmin edə bilib. Dərsin quruluşu, vaxt bölgüsü və metodik yanaşmaları da təqdirəlayiq hesab olunub.

Qeyd edək ki, pedaqoji təcrübə gələcək müəllimlərin peşəkar bacarıqlarının formalaşmasında mühüm rol oynayır. Bu cür nümunəvi dərslər tələbələrə real məktəb mühitində təcrübə qazanmaq və nəzəri biliklərini praktikada tətbiq etmək imkanı yaradır.