“Materialşünaslıq” fənnindən “Əlvan metallar haqqında ümumi məlumat” mövzusunda açıq dərs keçirildi

26 oktyabr 2026-cı il tarixində Gəncə Dövlət Universitetinin Ümumi texniki fənlər və texnologiya kafedrasında açıq dərs keçirilib.
Açıq dərs kafedranın attestatsız dosenti Saidə Tağıyeva tərəfindən Texnologiya müəllimliyi ixtisasının 2 üstü 2 qrupunda tədris olunan “Materialşünaslıq” fənnindən “Əlvan metallar haqqında ümumi məlumat” mövzusuna həsr olunub.
Dərsdə Ümumi texniki fənlər və texnologiya kafedrasının müdiri, dosent Elçin Cavadov, Fizika və texniki fənlər fakültəsinin dekan müavini Mətanət Tağıyeva, eləcə də kafedranın professor-müəllim heyətinin üzvləri iştirak ediblər.
Açıq dərsin əsas məqsədi tələbələrə əlvan metallar, onların əsas xüsusiyyətləri, növləri, texniki əhəmiyyəti və müxtəlif istehsal sahələrində tətbiqi haqqında ətraflı məlumat vermək, həmçinin materialşünaslıq sahəsində nəzəri biliklərin möhkəmləndirilməsinə və praktik əhəmiyyətinin dərk edilməsinə nail olmaq olub.
Dərs zamanı əlvan metalların qara metallardan fərqli xüsusiyyətləri, fiziki və kimyəvi göstəriciləri, korroziyaya davamlılığı, istilik və elektrik keçiriciliyi, mexaniki xassələri, eləcə də müasir texnologiyalarda istifadə imkanları haqqında məlumat verilib. Mis, alüminium, sink, qurğuşun, qalay, nikel və digər əlvan metalların xüsusiyyətləri, onların sənaye, energetika, maşınqayırma, elektrotexnika və məişət sahələrində tətbiqi məsələləri diqqətə çatdırılıb.
Mövzunun izahı zamanı əlvan metalların düzgün seçilməsinin və onların xassələrinin öyrənilməsinin texniki proseslərdə, müxtəlif məmulatların hazırlanmasında və materialların istismar göstəricilərinin müəyyənləşdirilməsində mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Eyni zamanda, metalların fiziki-mexaniki xüsusiyyətlərinin öyrənilməsinin gələcək texnologiya müəllimlərinin peşə hazırlığında oynadığı rola toxunulub.
Dərs interaktiv tədris prinsipləri və tələbələrin mövzuya fəal cəlb olunması baxımından müzakirə edilib. Tədris materialının ardıcıl təqdim olunması, mövzunun elmi əsaslarla izahı və nəzəri biliklərin praktik nümunələrlə əlaqələndirilməsi dərsin əsas üstünlükləri kimi diqqətə çatdırılıb.
Açıq dərs başa çatdıqdan sonra iştirakçıların iştirakı ilə müzakirə keçirilib. Müzakirə zamanı dərsin təşkili, mövzunun məzmunu, tədris metodları və tələbələrin biliklərinin inkişafına yönəlmiş yanaşmalar nəzərdən keçirilib. İştirakçılar öz fikir və mülahizələrini bildirərək dərsin tədris-metodiki baxımdan əhəmiyyətini qiymətləndiriblər.
Müzakirənin yekununda Saidə Tağıyevanın keçirdiyi açıq dərs yaxşı qiymətləndirilib.
Qeyd edək ki, bu cür açıq dərslərin keçirilməsi tədrisin keyfiyyətinin yüksəldilməsi, qabaqcıl pedaqoji təcrübənin paylaşılması, professor-müəllim heyətinin metodiki fəaliyyətinin təkmilləşdirilməsi və gələcək mütəxəssislərin peşə hazırlığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Gəncə Dövlət Universitetində tədris prosesinin səmərəliliyinin artırılmasına, müasir təlim metodlarının tətbiqinə və tələbələrin nəzəri biliklərinin praktik bacarıqlarla zənginləşdirilməsinə yönəlmiş bu cür tədbirlərin keçirilməsi tədris-metodiki fəaliyyətin inkişafına xidmət edir.
.