


Gəncə Dövlət Universitetinin Fizika kafedrasında növbəti açıq dərs keçirilmişdir
28 oktyabr 2026-cı il tarixində Gəncə Dövlət Universitetinin Fizika kafedrasının dosenti Rizvan İmanov tərəfindən Fizika müəllimliyi ixtisasının IV kurs tələbələri üçün “Bərk cisimlər fizikası” fənnindən “Kristal qəfəsdə rəqslər və dalğalar” mövzusunda açıq dərsi keçirilmişdir.
Açıq dərsdə Fizika kafedrasının müdiri dosent Yahya Namazov, professor-müəllim heyəti üzvlərindən dosent V.Rüstəmov, dosent S.İsgəndərova, fizika üzrə fəlsəfə doktoru S.İmanova, dosent M.Tağıyeva və baş müəllim İ.Mövsümova iştirak edirdilər.
Açıq dərsdə dosent Rizvan İmanov tələbələrdə maraq oyatdı və keçən dərslərlə əlaqə quraraq yeni mövzuya keçid etdi. Kristal qəfəsdə rəqslər, dalğaların yayılma mexanizmləri, onların fiziki mənası ətraflı izah olundu.
Mövzu elmi-metodiki ardıcıllıqla lövhədə düsturlar və qrafiklər vasitəsilə izah edildi. Kristal qəfəsdə dalğaların və rəqslərin tətbiqi geniş şəkildə təhlil olundu. Dərs zamanı müəllim tərəfindən tətbiq edilən interaktiv sual-cavab metodundan istifadə olunaraq tələbələrin mövzunu necə qavradıqları yoxlanıldı. Tələbələr tərəfindən verilən suallar ətraflı cavablandırıldı, çətin anlaşılan məqamlar əlavə izahatlarla möhkəmləndirildi.
Dərsin gedişatı kafedra əməkdaşları tərəfindən mövcud meyarlar əsasında qiymətləndirildi. Tələbələrin fəallığı və verilən suallara operativ cavab verməsi onların dərsi dərindən qavradığını göstərdi. Dosent Rizvan İmanovun nitqi, fiziki qanunauyğunluqları məntiqli ardıcıllıqla çatdırması və auditoriya ilə qurduğu pedaqoji ünsiyyət yüksək qiymətləndirildi.
Dərsin sonunda kafedra müdiri dosent Yahya Namazov və qiymətləndirmə komissiyasının üzvləri dərsin gedişini müzakirə etdilər. Müzakirə zamanı açıq dərsin müasir tələblərə cavab verdiyi, metodiki cəhətdən düzgün qurulduğu vurğulandı və müsbət qiymətləndirildi.