


Gəncə Dövlət Universitetində “Üçfazalı transformatorlar” mövzusunda açıq dərs keçirilmişdir
03 noyabr 2026-cı il tarixində Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsində Fizika kafedrasının baş müəllimi Abbasov Rəşad Akif oğlu tərəfindən II kurs Texnologiya müəllimliyi ixtisası üzrə “Elektrotexnika” fənnindən “Üçfazalı transformatorlar” mövzusunda açıq dərs keçirilmişdir.
Açıq dərs Gəncə Dövlət Universitetinin “Açıq dərslərin təşkili, keçirilməsi, müşahidəsi, müzakirəsi və qiymətləndirilməsi Qaydaları”na uyğun olaraq təşkil edilmişdir. Dərsdə universitetin Tədris departamentinin, Fizika və texniki fənlər fakültəsinin rəhbərliyi, Fizika kafedrasının müəllimləri, Keyfiyyətin Təminatı Mərkəzinin nümayəndələri və tələbələr iştirak etmişlər.
Mühazirə zamanı müəllim üçfazalı transformatorların quruluşu, iş prinsipi, tətbiq sahələri və elektrotexnikada əhəmiyyəti barədə məlumat vermişdir. Dərsdə ənənəvi izah üsullarından istifadə edilmiş, mövzu üzrə əsas anlayışlar və prinsiplər tələbələrə çatdırılmışdır. Eyni zamanda bəzi əyani vəsaitlər və texniki vasitələr tətbiq olunmuşdur.
Açıq dərsin müşahidəsi və qiymətləndirilməsi Qaydaların 4-cü bölməsinə uyğun olaraq xüsusi komissiya tərəfindən aparılmışdır. Komissiya tərkibinə Quliyev Muğan Salman oğlu, Namazov Yəhya Binnət oğlu, Quliyev Niyazi İslam oğlu və Rüstəmova Samirə Kamandir qızı daxil edilmişdir. Komissiya üzvləri tərəfindən Əlavə 1-də nəzərdə tutulmuş müşahidə və qiymətləndirmə formaları doldurulmuş, dərs 10 meyar üzrə 100 ballıq sistemlə qiymətləndirilmişdir.
Qiymətləndirmə nəticəsində müəyyən edilmişdir ki, dərsin məqsədi və təlim nəticələri əsasən müəyyənləşdirilmiş, mövzu düzgün izah olunmuş, dərsin strukturu və məntiqi ardıcıllığı qismən təmin edilmişdir. Bununla yanaşı, tədris metodlarının müxtəlifliyinin məhdud olması, tələbələrin dərsdə fəallığının tam təmin edilməməsi, formativ qiymətləndirmənin epizodik xarakter daşıması və bəzi mərhələlərdə vaxt bölgüsündə kiçik gecikmələrin olması qeyd edilmişdir.
Komissiyanın yekun rəyinə əsasən açıq dərs qiymətləndirilmişdir. Qeyd olunmuşdur ki, dərsin nəticələri əsasən meyarlara uyğundur, lakin təkmilləşdirməyə ehtiyac vardır. Komissiya tərəfindən tədris prosesinin təkmilləşdirilməsi, fəal və interaktiv təlim metodlarından daha geniş istifadə edilməsi, tələbələrin dərsdə iştirakının artırılması və əks əlaqənin gücləndirilməsi istiqamətində tövsiyələr verilmişdir.
Açıq dərsdən sonra Qaydaların 5-ci bölməsinə uyğun olaraq kafedra səviyyəsində müzakirə keçirilmişdir. Müzakirədə müəllimin dərsə hazırlığı, dərsin güclü tərəfləri, tətbiq olunan metodlar, kommunikasiya bacarıqları və təkmilləşdirmə istiqamətləri ətrafında fikir mübadiləsi aparılmışdır. Müzakirə konstruktiv və inkişafyönümlü xarakter daşımışdır.
Qeyd edək ki, Gəncə Dövlət Universitetində açıq dərslər daxili keyfiyyət təminatı sisteminin mühüm tərkib hissəsi olmaqla müəllimlərin pedaqoji və metodiki fəaliyyətinin qiymətləndirilməsi, qabaqcıl təcrübənin paylaşılması, innovativ və tələbəyönümlü təlim metodlarının təşviqi, gənc müəllimlərin peşəkar inkişafına dəstək və təlim keyfiyyətinin yüksəldilməsi məqsədlərinə xidmət edir.