“Fizikanın təbiət elmləri sistemində inteqrasiyasının STEM dərslərində əsas aparıcı qüvvəsi olması müasir problemlərdən biri kimi” mövzusunda açıq dərs keçirilib

Gəncə Dövlət Universitetində “Fizikanın təbiət elmləri sistemində inteqrasiyasının STEM dərslərində əsas aparıcı qüvvəsi olması müasir problemlərdən biri kimi” mövzusunda açıq dərs keçirilmişdir

19 noyabr 2026-cı il tarixində Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsində Fizika kafedrasının baş müəllimi, fizika üzrə fəlsəfə doktoru Verdiyeva Nuranə Əlişir qızı tərəfindən Fizika müəllimliyi ixtisası üzrə IV kurs tələbələrinə “Fizika tədrisinin müasir problemləri” fənnindən “Fizikanın təbiət elmləri sistemində inteqrasiyasının STEM dərslərində əsas aparıcı qüvvəsi olması müasir problemlərdən biri kimi” mövzusunda açıq dərs təşkil olunmuşdur.

Universitetin “Açıq dərslərin təşkili, keçirilməsi, müşahidəsi, müzakirəsi və qiymətləndirilməsi Qaydaları”nın tələblərinə müvafiq keçirilən mühazirədə Tədris departamentinin və fakültə rəhbərliyinin nümayəndələri, Keyfiyyətin Təminatı Mərkəzinin əməkdaşları, kafedranın professor-müəllim heyəti və tələbələr iştirak etmişlər.

Dərs prosesində baş müəllim Nuranə Verdiyeva müasir təhsil sistemində fənlərarası inteqrasiyanın əhəmiyyəti, təbiət elmlərinin qarşılıqlı əlaqəsi, eləcə də STEM (Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat) dərslərinin təşkilində fizikanın aparıcı mövqeyi barədə geniş izahat vermişdir. Məşğələdə tələbələrin tədqiqatçılıq və tənqidi düşünmə bacarıqlarının inkişafına yönəlmiş əyani tədris vəsaitlərindən istifadə edilmişdir.

Qaydaların 4-cü bölməsinə əsasən, dərsin gedişatı və keyfiyyət göstəriciləri aşağıdakı tərkibdə yaradılmış komissiya tərəfindən izlənilmişdir:

  1. Prof. Quliyev Muğan Salman oğlu – Dekan
  2. Dosent Namazov Yəhya Binnət oğlu – Kafedra müdiri,sədr
  3. Dosent Quliyev Niyazi İslam oğlu
  4. Dosent (attestatsız) Rüstəmova Samirə Kamandir qızı
  5. Baş müəllim Musayev Seyfəddin Xəlil oğlu

Müşahidə prosesində komissiya üzvləri tərəfindən Əlavə 1-ə uyğun qiymətləndirmə vərəqləri tərtib edilmiş və dərs 10 meyar üzrə 100 ballıq şkala ilə dəyərləndirilmişdir. Aparılan təhlillər nəticəsində mühazirənin tədris proqramına uyğun qurulduğu, mövzunun elmi-metodiki cəhətdən şərh edildiyi vurğulanmışdır. Dərs başa çatdıqdan sonra Qaydaların 5-ci bölməsinə uyğun komissiya üzvlərinin iştirakı ilə müzakirə aparılmışdır. Komissiyanın ümumi qərarı ilə baş müəllim Nuranə Verdiyevanın açıq dərsi “yaxşı” qiymətləndirilmişdir.

`Xatırladaq ki, Gəncə Dövlət Universitetində mütəmadi olaraq keçirilən açıq dərslər daxili keyfiyyət təminatı mexanizminin əsas istiqamətlərindən biri kimi tədris prosesinin təkmilləşdirilməsinə, qabaqcıl pedaqoji təcrübənin yayılmasına və tələbəyönümlü təlim mühitinin gücləndirilməsinə xidmət edir.