





20 noyabr 2026-cı il tarixində Gəncə Dövlət Universitetinin (GDU) Fizika və texniki fənlər fakültəsinin Fizika kafedrasında 2026/2027-ci tədris ilinin payız semestri üçün təsdiq edilmiş iş planına və qrafikə uyğun olaraq növbəti elmi seminar keçirilib.
Kafedra müdiri dosent Yəhya Namazovun rəhbərliyi ilə təşkil olunan seminarda kafedranın professor-müəllim heyəti, “Fizika müəllimliyi” ixtisası üzrə təhsil alan yuxarı kurs tələbələri və “Fizika” ixtisaslaşması üzrə magistrantlar iştirak ediblər.
Seminarı giriş sözü ilə açan dosent Yəhya Namazov gündəlikdə duran məsələni diqqətə çatdırıb, müasir dövrdə yaşıl enerjiyə keçidin qlobal əhəmiyyətindən və bu sahədə aparılan elmi tədqiqatların aktuallığından bəhs edib.
Daha sonra kafedranın dosenti Niyazi Quliyev “Dünya energetikasının alternativ bərpa olunan enerji mənbələrinə əsaslanan inkişafının bəzi quruluş xüsusiyyətləri” mövzusunda geniş elmi məruzə ilə çıxış edib. Məruzəçi vizual slaydlar və statistik göstəricilər əsasında ənənəvi enerji resurslarının tədricən bərpa olunan enerji mənbələri (günəş, külək, hidroenergetika və s.) ilə əvəzlənməsi tendensiyalarını, qlobal enerji balansındakı struktur dəyişikliklərini və alternativ energetikanın fiziki-texniki əsaslarını ətraflı şərh edib.
Məruzə dinlənildikdən sonra sual-cavab və elmi müzakirə mərhələsinə keçilib. Müzakirələrdə kafedranın dosentləri V.Rüstəmov, Elxan İsmayılov, baş müəllim Seyfəddin Musayev, eləcə də magistrant və tələbələr fəal iştirak ediblər. Çıxış edənlər mövzunun elmi-nəzəri və praktiki əhəmiyyətini yüksək qiymətləndirib, alternativ enerji qurğularının səmərəliliyinin artırılması və regionda tətbiq perspektivləri ilə bağlı suallar ünvanlayıb, öz fikirlərini bölüşüblər.
Seminarın sonunda dosent Yəhya Namazov müzakirələri yekunlaşdıraraq məruzənin yüksək elmi səviyyədə hazırlandığını vurğulayıb, tələbə və magistrantların elmi-tədqiqat prosesinə fəal cəlb olunmasının vacibliyini qeyd edib.