[metaslider id=4845]
23 kotyabr 2018 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və Texniki fənlər fakültəsinin 2018/2019 –tədris ilinin I yarısı üçün açıq dərslərin qrafikinə uyğun olaraq Fizika kafedrasının gənc müəllimi Verdiyeva Nuranə Əlişir qızının I kurs kimya müəllimliyi ixtisasında Fizika fənnindən açıq laboratoriya dərsi keçirilmişdir.
Açıq dərsdə GDU – rektorun nümayəndəsi ÜTF və texnologiya kafedrasının müdiri, dos.E.Cavadov., Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev və kafedranın 33 nəfər professor–müəllim heyəti üzvlərindən 16 nəfəri iştirak edirdi.
Açıq dərsdə “Suyun xüsusi buxarlanma istiliyinin təyini. Mayelərin səthi gərilmə əmsalının damcı üsulu ilə təyini. Avqust psixometri vasitəsilə havanın rütubətinin təyini” mövzusunda laboratoriya işlərinin aparılması planlaşdırılmışdır.
Müəllimə Nuranə Verdiyeva gənc olmasına baxmayaraq dərsin düzgün təşkil olunmasına nail oldu. O, əvvəlcə əyani vasitələrdən istifadə edərək, mövzular üzrə nəzəri məlumatları verdi və mövzuları fizikanın müasir problemləri ilə əlaqələndirdi. Bu zaman o tələbələrlə kommunikativ və konstruktiv əlaqələr yaradaraq, tələbələri mövzuların izahına cəlb etdi. Daha sonra isə laboratoriya işlərini yerinə yetirilməli olduğu masalara yaxınlaşaraq tələbələrdən işi yerinə yetirmək üçün öyrəndikləri məlumatları soruşdu. Tələbələr laboratoriya işlərini yerinə yetirərkən, Nuranə Verdiyeva onları maraqlandıran sualları cavablandırdı.
Açıq dərsdən sonra Fizika və texniki fənlər fakültəsinin dekanı, professor M.S.Quliyevin, professor–müəllim heyəti üzvlərinin və tələbələrin iştirakı ilə açıq dərsin müzakirəsi keçirildi və açıq dərs 29 balla “əla” qiymətləndirildi.