[metaslider id=5334]
Gəncə Dövlət Universitetinin 80 illik yubileyi təntənə ilə qeyd edilib
Respublikamızın qərb bölgəsində ən böyük ali təhsil müəssisəsi olan Gəncə Dövlət Universitetinin bu il fəaliyyətə başlamasından 80 il keçir. Bu münasibətlə universitetdə təntənəli yubiley tədbiri təşkil olunub.
Yubiley tədbirində təhsil naziri Ceyhun Bayramov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, respublikamızın və dünyanın bir sıra nüfuzlu universitetlərinin, elm-təhsil mərkəzlərinin rəhbərləri, nümayəndə heyətləri, görkəmli alimlər, Milli Məclisin deputatları, ictimai-siyasi xadimlər və universitetin professor-müəllim heyəti iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Gəncə şəhərinin mərkəzinə gələrək Heydər Əliyev meydanında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə əklil və tər çiçəklər düzüb, dahi rəhbərin xatirəsini anıblar.
Sonra universitetin ən böyük tədris binası olan 5-ci korpusun əsaslı yenidənqurmadan sonra açılışı olub.
Bildirilib ki, yeni tədris binası universitetin daxili imkanları hesabına müasir təhsil standartları səviyyəsində yenidən qurulub. Ümumi ərazisi 4,8 hektar olan 4 mərtəbəli tədris binası müasir infrastruktura və zəngin maddi-texniki bazaya malikdir. Korpusda 2 mərtəbəli tədris binası, 99 otaq, idman və 306 yerlik iclas zalı, kiçik iclas zalı, tibb məntəqəsi, yeməkxana və idman sahəsi var. Həmçinin yeni tədris binasının nəzdində Heydər Əliyev guşəsi, universitetin tarixini əks etdirən muzey, 30 min kitab fonduna malik Nuru Paşa adına kitabxana, Əlil Tələbələr üçün Mərkəz, Müasir Təlim Mərkəzi, E-Öyrənmə Mərkəzi, Aleksandr Düma adına Fransa Mədəniyyət Mərkəzi, Dil Resursları Mərkəzi və iki müxtəlif istiqamətdə fəaliyyət göstərəcək kompüter mərkəzi yaradılıb.
Təhsil Nazirliyinin əməkdaşlarının, ali təhsil müəssisələri rektorlarının, deputatların, universitetlə əməkdaşlıq edən xarici ali təhsil ocaqlarının nümayəndə heyətlərinin də iştirak etdiyi yubiley tədbiri Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Yubiley tədbirində çıxış edən GDU-nun rektoru, professor Yusif Yusibov universitet haqqında məlumat verərək bildirib ki, zəngin ənənələrə, özünəməxsus tarixi keçmişə malik olan bu ali təhsil ocağı ötən 80 ildə təkcə ölkəmiz üçün yox, həmçinin qonşu respublikalar üçün də peşəkar, səriştəli pedaqoji kadrlar hazırlayıb və qərb regionunda maarifçiliyin inkişafında öz xidmətlərini göstərib. Gəncə Dövlət Universitetinin maarif istiqamətində təhsil almış məzunları bu gün Azərbaycanın müxtəlif şəhər, rayon və kəndlərində, xüsusilə də qərb regionunda pedaqoji fəaliyyətlə məşğul olurlar.
Ali təhsil ocağının yaranma tarixinə diqqət çəkən rektor bildirib ki, Gəncə Dövlət Universiteti Azərbaycan Xalq Komissarları Sovetinin 1938-ci il 14 aprel tarixli qərarı ilə Gəncə şəhərində İkiillik Müəllimlər İnstitutu kimi 23 müəllim və 244 tələbə ilə fəaliyyətə başlayıb. 1943-cü ildən etibarən Kirovabad İkiilik Müəllimlər İnstitutunun bazasında tam ali təhsil verən, yüksək ixtisaslı pedaqoji kadrlar hazırlayan dördillik Kirovabad Dövlət Pedaqoji İnstitutu yaradılıb, 1986-cı ildə şəhərə Gəncə adının qaytarılması ilə əlaqədar Kirovabad Dövlət Pedaqoji İnstitutu Gəncə Dövlət Pedaqoji İnstitutu adlandırılıb, 2000-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə institutun profili genişləndirilməklə Gəncə Dövlət Universiteti yaradılıb.
Universitetin sonrakı inkişafı ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdəki digər elm-təhsil müəssisələrinə olduğu kimi, bu universitetə də göstərdiyi diqqət və qayğı ilə bağlı olub. Hazırda universitetdə 8 fakültə, 13 şöbə, 8 mərkəz fəaliyyət göstərir, 6 mindən çox tələbə təhsil alır. Tələbələrin təlim-tərbiyəsi ilə 550 nəfərə qədər professor-müəllim heyəti məşğul olur. Universitet yüksək keyfiyyətli maddi-texniki bazaya malikdir və onun 5 tədris binası, tələbə yataqxanası və 655 min nüsxə kitab fonduna malik kitabxanası var. Bütün tədris binaları əsaslı surətdə təmir olunub və auditoriyalarda keyfiyyətli tədris prosesi üçün lazımi şərait yaradılıb. Yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün 32 tədris laboratoriyası, 5 ixtisas kabineti, 2 tədris emalatxanası,12 kompüter mərkəzi və geniş auditoriyalar mövcuddur. Hazırda bakalavriat səviyyəsində 40, magistratura səviyyəsində 63 ixtisas üzrə kadr hazırlığı aparılır. 2017-ci ildə müasir idarəetmə sisteminə uyğun olaraq strukturun optimallaşdırılması məqsədilə yeni İnnovasiyalar Departamenti və onun nəzdində 5 şöbə, 8 mərkəz, 6 tədris və 1 elmi-tədqiqat laboratoriyası, həmçinin Əlavə Təhsil fakültəsi yaradılıb.
“Son illər Gəncə Dövlət Universitetinə, onun kollektivinə inamın nəticəsi olaraq tələbə qəbulu planının yerinə yetirilməsi 97 faizə qədər yüksəlib və GDU respublika universitetləri içərisində ilk üçlüyə daxil olub. Həmçinin universiteti seçən yüksək bal toplamış tələbələrin sayında da artım müşahidə olunub. Hazırda 90 nəfərdən çox tələbə “Gələcəyin müəllimi” təqaüdünü alır. Məhz bu göstəricilər universitet üçün son 10 ilin ən yaxşı göstəricisidir və yaradılan işçi qrupun Gəncə şəhəri və ətraf rayonların məktəblərində məqsədyönlü şəkildə apardığı təbliğat işlərinin, tədris üçün yaradılan şəraitin və maddi-texniki bazanın yaxşılaşdırılmasının nəticəsidir”, – deyə rektor qeyd edib.
Professor Yusif Yusibov bildirib ki, universitetin məzunları dövlət qulluğuna aid olan vakansiyaları tutmaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda son illər uğurlu nəticələr qazanıb. Belə ki, GDU Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, UNEC, BDU və ADNSU-dən sonra 5-ci pillədə qərarlaşıb.
Universitetdə aparılan elmi-tədqiqat fəaliyyəti haqqında da məlumat verən Yusif Yusibov beynəlxalq əməkdaşlıq əlaqələrindən də danışıb. Bildirilib ki, ali təhsil ocağının 40-dək xarici və respublikadaxili universitetlərlə, AMEA-nın elmi-tədqiqat institutları ilə qurulmuş əlaqələri beynəlxalq əməkdaşlığa və təhsil mübadilə proqramlarına xidmət edir. Fransa universitetləri ilə ikitərəfli əlaqələr yaradılıb, universitetin 11 tələbəsi Strasburq Universitetində magistr dərəcəsi almağa müvəffəq olub, həmçinin “Fransız dili müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələrin Yekun Dövlət Attestasiyası Strasburq Universitetindən dəvət edilmiş müəllimlər tərəfindən aparılıb. Fransa hökumətinin qərarı ilə fransız dili kafedrasının 3 müəllimi bu dilin təbliğindəki xidmətlərinə görə “Akademik Palma” (Kovaler dərəcəsi) ordeni ilə təltif olunub.
Gəncə Dövlət Universiteti Avropa İttifaqının “Tempus” proqramının “Tempus-CURDEUS”, “Tempus–UNİVİA”, “Tempus–ESFİDİP”, “Erasmus+” proqramının AESOP layihələrində fəal iştirak edib, layihələrin nəticəsi olaraq ali təhsil ocağında Əlil Tələbələr üçün Mərkəz, Avropa Araşdırmaları Mərkəzi, Tələbə Ombudsman Mərkəzi yaradılıb və Tələbə Ombudsmanı təyin edilib. Hazırda GDU İspaniyanın Valensiya Politexnik Universitetinin koordinatoru olduğu “Erasmus+” PETRA layihəsində iştirak edir və bu çərçivədə Müasir Təlim Mərkəzi ilə bərabər E-Öyrənmə Mərkəzi də təşkil olunub. Hazırda universitet Bakı Biznes Universitetinin koordinatoru olduğu “Erasmus+” EQAC layihəsinə tərəfdaş kimi qoşulub. Üç il davam edəcək bu layihənin sonunda Keyfiyyətin Təminatı Mərkəzinin yaradılması nəzərdə tutulur.
Universitetin 80 illik yubileyi münasibətilə ali təhsil müəssisənin kollektivini təbrik edən təhsil naziri Ceyhun Bayramov ölkədə təhsilə göstərilən diqqət və qayğıdan danışıb, ali təhsil ocağının kollektivinə xoş arzularını çatdırıb.
Yubiley tədbirinin əlamətdar bir ildə qeyd edildiyini deyən nazir bildirib ki, 2018-ci il Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilib. Hər iki yubiley tədbirinin arasında rəmzi bağlılığın olduğunu deyən Ceyhun Bayramov vurğulayıb ki, Azərbaycanda dövlətçilik ənənələrinin formalaşdırılmasında, xalqımızın ictimai-siyasi və mədəni həyatında çox zəngin irs qoymuş Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyəti dövründə, həmçinin təhsil sahəsində də tarixi qərarlar qəbul edib.
Nazir Ceyhun Bayramov ötən illərdə Prezident İlham Əliyev tərəfindən təhsilin müxtəlif pillələrini əhatə edən istiqamətlər üzrə mühüm dövlət sənədlərinin qəbul edildiyini və layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.
Sonra təhsil naziri “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın ölkəmizdə milli təhsilin inkişafı və kadr potensialı ilə təminatında qazandırdığı üstünlüklərdən danışıb, həmçinin “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrasının respublikamızda rəqabətqabiliyyətli və dayanıqlı iqtisadi inkişafın təşkili və milli təhsil sisteminin yüksəkixtisaslı kadrlarla təmin edilməsi istiqamətində verəcəyi töhfələrdən söz açıb.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək GDU-nun 80 illik yubileyi münasibətilə kollektivə xoş arzularını çatdırıb. Bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsil islahatı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Gəncə Dövlət Universitetinin istifadəyə verilən yeni tədris korpusu dövlətimizin başçısının təhsilin inkişafına göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir.
“Burada yaradılan şərait təhsilin səviyyəsinin müasir Avropa standartlarına uyğunlaşdırıldığını göstərir. Fərəhli haldır ki, GDU-da təhsilin inkişafı onun reytinqini daha da artırıb. Yalnız respublikanın qərb bölgəsindən deyil, müxtəlif rayonlardan olan yüksək bal qazanmış abituriyentlərin də Gəncə Dövlət Universitetini seçməsi diqqətəlayiqdir. Əsas məqsəd gələcəyin vətənpərvər, ziyalı vətəndaşını, yüksək səviyyəli mütəxəssisini hazırlamaqdır. Odur ki, bu məqsədə çatmaq üçün professor-müəllim heyətinin üzərinə böyük vəzifələr düşür. Ümidvarıq ki, kollektiv bu işin öhdəsindən layiqincə gələ biləcək”, – deyə Niyazi Bayramov qeyd edib.
Sonra Prezident İlham Əliyevin 2018-ci il 31 oktyabr tarixli sərəncamları ilə təhsilin inkişafındakı xidmətlərinə görə Gəncə Dövlət Universitetinin fəxri adlarla və “Tərəqqi” medalı ilə təltif olunan 23 əməkdaşına dövlət mükafatları təqdim olunub.