27 dekabr 2018 – ci il tarixdə Gəncə Dövlət Universitetinin II tədris binasının akt zalında möhtəşəm bayram şənliyi keçirildi. Tədbir qarşıdan gələn iki gözəl bayrama – Dünya Azərbaycanlılarının Həmrəylik gününə və Yeni İlə həsr edilmişdi. Bu tədbiri Fizika və Texniki fənlər fakültəsi və Riyaziyyat İnformatika fakültəsi birlikdə hazırlamışdılar.
Tədbir Azərbaycan Himninin oxunması ilə başlandı.
Bayram münasibəti ilə tələbələri Fizika və texniki fənlər fakültəsinin dekanı, professor Muğan Quliyev təbrik etdi. O, tələbələrə qarşıdan gələn imtahanlarda uğurlar arzuladı və tələbələrin yüksək təhsil alması və imtahanlardan uğurla çıxmaları üçün Universitet rəhbərliyinin həyata keçirdiyi böyük işləri qeyd etdi.
Yüksək səviyyədə hazırlanmış və keçirilmiş bu tədbir hər iki fakültənin dekanlarının və tələbə təşkilatlarının əməkdaşlığı nəticəsində ortaya çıxmışdır.
Fakültələrimiz arasında bu cür dostluq və əməkdaşlıq münasibətlərinin olması sözsüz ki, hörmətli rektorumuz, professor Yusif Yusibovun uğurlu rəhbərliyinin nəticəsidir. Hər iki fakültə tələbələrinin təqdim etdikləri bir – birindən maraqlı mahnı, rəqs və səhnəciklər zala toplanmış müəllim və tələbələrin alqışlarını qazandı. Qarşıdan gələn imtahanlardan əvvəl tələbələrimiz gözəl emosiyalar aldılar. Bu hisslər ümid edirik ki, onlara qarşıdan gələn imtahanlardan uğurla çıxmağa kömək edəcəkdir. İmtahanların nəticələrinin uğurlu olması üçün universitet rəhbərliyi tərəfindən tələbələrə hər cür imkanlar yaradılmışdır.
Tədbirin sonunda hər iki fakültənin tələbələri əl – ələ tutaraq “Yallı” rəqsi ifa etdilər.
Tədbirin hazırlanmasında Fizika və texniki fənlər fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri, III kurs tələbəsi, Əminə Əliyevanın və Riyaziyyat – informatika fakültəsinin Tələbə Həmkarlar Təşkilatının sədri IV kurs tələbəsi, Coşqun Hümbətovun əməyini qeyd etmək lazımdır.