31 DEKABR – YENI IL BAYRAMI

Bayramınız mübarək!!!!!!

1 Yanvar

YENİ İL BAYRAMI

Dünya xalqlarının böyük əksəriyyəti yeni ilin başlanğıcını dekabrın 31-dən yanvarın 1-nə keçən gecə qeyd edirlər. Yeni il Yer kürəsinin bütün guşələrində dini etiqadlarından asılı olmayaraq müxtəlif xalqlar tərəfindən geniş qeyd olunan ən məşhur bayramlardandır. Yeni ili bayram etməklə insanlar belə hesab edirlər ki, bütün uğursuzluq və kədərli anlar köhnə ildə qalır, yeni il yeni arzular və ümidlər gətirir. Yeni ilin yanvarın 1-dən hesab olunması xristianlığın tarixi ilə bağlıdır.

Rəvayətə görə, xristian dininin yaradıcısı İsa peyğəmbər dekabrın 24-də anadan olmuşdur. Ona görə də xristianlar bu günü İsa peyğəmbərin doğul-ması şərəfinə Milad bayramı kimi qeyd edirlər. Milad bayramının ilkin mənbəyi hər il qış günəş duruşu zamanı (21-25 dekabr) “xilaskar allahın doğulması” ilə əlaqədar keçirilən qədim bütpərəst mərasimi olmuşdur. Milad bayramını ilk dəfə Roma xristian icmaları keçirmişdir. Bu bayram 431-ci ildə qanuniləşdirilmişdir. Bizim istifadə etdiyimiz təqvim də məhz miladi təqvim adlanır. Bu təqvimə əsasən yeni il yanvarın 1-dən başlanır.
Yeni ilin rəmzlərindən biri də Şaxta babadır. Şaxta babanı müxtəlif ölkələrdə müxtəlif cür adlandırırlar. Məsələn, ABŞ-da və Avstraliyada o, Santa Klaus, Rusiyada – Ded Moroz, Türkiyədə – Noyel baba, Avstriyada – Sivestr, Britaniyada – Miladi baba, Yunanıstanda Müqəddəs Vasili adlanır.

Bütün hallarda Şaxta baba uşaqların sevimlisidir. Yeni il gecəsində  onlar evlərə heç vaxt əliboş gəlmirlər. Torbalarındakı müxtəlif hədiyyələrlə uşaqları sevindirirlər.

Dekabrın 31-i gecəsi insanlar bayram süfrəsi ətrafında toplaşırlar. Artıq həmişəlik vidalaşdıqları ilin son anlarında musiqini dayandıraraq sükut içərisində saat 12.00-ı gözləyirlər. İlin başa çatdığını göstərən saat zənginin təntənəli sədaları altında sağlıqlar söyləyir, sonra isə şampan şərabı ilə dolu qədəhləri toqquşdurur, yeni ildə bir-birinə xoş günlər və sağlamlıq arzulayırlar. Böyük Britaniyada ənənəyə uyğun olaraq  yuxarı qaldırır və “Mərhəmətli köhnə il” mahnısını oxuyurlar. ABŞ-da da ilin son gecəsində şənlənir, ayağa duraraq sağlıqlar söyləyirlər. İtaliyada köhnə ili yola salarkən pəncərələri açır, evdəki köhnə əşyaları çöləNatırlar. Bunun mənası isə köhnədən xilas olmaq, onu yenisi ilə əvəz etməkdən ibarətdir.

Bu bayramın yaranmasının azı 25 əsrlik tarixi var. İlin dəyişməsini bayram etmək adəti ilk dəfə qədim Mesopotamiyada yaranıb. Eramızdan əvvəl IV minilliyin sonunda Şumer, Babilistan, Assuriya kimi bu günümüzə qədər gəlib çatan mədəni irsiylə hələ də bizi heyrətləndirən mədəniyyət mərkəzləri burada təşəkkül tapıb. Tarixçi alimlərin fikrincə, məhz həmin dövrdə burada Yeni ilin gəlişi ilk dəfə bayram edilib.

Dünyanın hər yerində bütün insanlar Yeni ili eyni ümidlərlə — xoş möcüzələr, yeni uğurlar, xoşbəxtlik arzusuyla gözləsələr də bayramı hərə öz adət-ənənəsinə uyğun qarşılayır. Avropa ölkəsi olan Fransada Şaxta baba Per Noel — yəni Noel ata adlanır. O, Yeni il gecəsi gəlir və evin balaca sakinlərinin başmağına hədiyyələr qoyur. Böyüklərsə bayram günü daha çox yeyib-içməyi sevirlər.

Yeni il həmçinin Azərbaycanda da qeyd olunur. Şənliklər keçirilir, uşaqlar Şaxta baba ilə Qar Qızın yolunu gözləyir. Bəzi insanlar deyir ki, Azərbaycan müsəlman ölkəsidir deyə yeni il keçirmək düzgün deyil. Bunlar sehvdir. Əslində yeni il təqvimin yenilənməsinə görə qeyd olunur. Əgər elə olsaydı, tədbirlər keçirilməz, şam ağacları bəzədilməzdi.  Yeni ildə İsveçrədə insanlar bir-birinə şam hədiyyə edirlər ki, bu da dostluğun və sevincin rəmzidir. Bayram axşamı isə ailə başçısı — ata zibil atmaq bəhanəsilə evdən çıxır və Yul Tomten (Şaxta baba) obrazında qayıdır və uşaqlara hədiyyələr paylayır.

İtaliyada yeni ildə uşaqların isə Şaxta babaları yox, Şaxta nənələri var. Onun adı Befan nənədir. Bu ölkədə Yeni ili bərkdən qışqıraraq qarşılamaq adəti var. Ucadan danışmaq italyanlar üçün adi hal olsa da Yeni il gecəsi onlar öz səslərinə tam sərbəstlik verirlər. Beləcə onlar həm də köhnə ilə vidalaşırlar. Əgər Yeni il bayramı ərəfəsində təsadüfən Roma küçələrindən keçsəniz ehtiyatlı olun. Çünki pəncərələrdən atılan köhnə ev əşyalarına hədəf ola bilərsiniz. İtalyanlar hesab edirlər ki, Yeni ilin astanasında bütün pis fikirlərdən və köhnə əşyalardan xilas olmaq lazımdır.

Böyük Britaniyada bayram günü evdə ideal təmizlik və qanun-qayda hökm sürməlidir. Gecə düşərkən ailənin başçısı illərin yerdəyişməsi üçün evin bütün qapılarını geniş açır. Daha sonra qapı bağlanır və evə ilk gələcək qonaq həyəcan və səbirsizliklə gözlənilir. İnanca görə ilin necə keçəcəyi içəri girən adamın görkəmindən çox asılıdır. Qadınlar, sarışınlar və əsmərlər o qədər də arzuolunan deyillər. Ən uğurlu qonaq kürən kişi hesab olunur. Dəhşətli hadisə, çatmaqaş adamın içəri girməsinə qarşı isə o dəqiqə ehtiyat tədbirləri görülür. Ocağa duz atılır, qapıdan xaç asılır. Gələn qonaq özüylə viski, şirin çörək və kömür gətirməlidir. Kömür ocağa atılır ki, Yeni ildə ailə ocağı daha gur yansın.

Yeni ildə İslandiyada kiçiklər öz valideynlərini xeyli təəccübləndirirlər. Bu balaca çoxbilmişlər Şaxta babanın onlara göz qoymasından ehtiyatlanaraq ay boyu özlərini yaxşı aparır, dəcəllik etmirlər. Əks halda bayram gecəsi sobanın yanına qoyduqları çəkmələrin içində kartof və ya bir parça kömür tapa bilərlər.

Almanlar Yeni il gecəsi saat 12-ni vurarkən ovuclarında metal pul sıxaraq tullanırlar. İnanırlar ki, bunu etsələr yeni il daha bərəkətli olacaq.

Finlandiyada Yeni il süfrəsi gavalı kiseli və düyü sıyığı olmadan təsəvvür edilmir. Bayramın əsas qəhrəmanı isə fin Şaxta baba — Youlupukkidir.

İspaniyada bayram günü hamı şəhərin mərkəzi meydanına axışır. Üzüm yeməyə. Həm də kütləvi şəkildə. Hər kəs müəyyən vaxt ərzində 12 salxım üzüm yeməlidir. Bayram axşamı küçələrdə müxtəlif tələlər qurulur. Bu onun üçündür ki, pis qüvvələr köhnə ildə ilişib qalsın.

Avstriyada hələ qədimlərdən Yeni il bayramının xeyirxah obrazları bacatəmizləyən və donuzdur. Bu, əlbəttə, sonuncunun bayram süfrəsində həzm-rabedən keçirilməsinə mane olmur. Yeni il Avstriyada çox şən keçir, insanlar yeni il gecəsini kücələrdə şənlənməklə və karnavallarla keçirirlər.

Yeni il Rusiyada ən çox sevilən bayramdır. Uşaqlar yeni ildən hədiyyələr, böyüklər isə səadət, xoşbəxtlik gözləyir. Bu ənənənin əsası 300 il bundan əvvəl Birinci Pyotrun əmri ilə qoyulub. Əmrdə, həmçinin ağac bəzəmək də öz əksini tapıb. Məhz küknar ağacı XIX əsrin axırlarında dəbə mindi.

Yeni il gecəsi süfrəyə mütləq müxtəlif yeməklər, salatlar, içkilər, piroqlar qoyulur. İnanca görə, süfrə nə qədər dolu və gözəl olarsa, qarşıdan gələn il də elə olacaq. Süfrənin ortasına mütləq odda qızardılmış donuz balası qoyulur. Çünki donuz ruslarda bolluq və var-dövlət simvolu kimi tanınır. Süfrəyə quş ətindən heç nə qoyulmur, hesab edilir ki, evdən xoşbəxtlik uça bilər. Xəmirdən müxtəlif heyvan fiqurları bişirilib gələn qonaqlara paylanır. Yeni ili mütləq təzə paltar və ayaqqabıda qarşılayırlar ki, gələn il də həmişə təzə paltar, ayaqqabı almaq imkanı olsun. Yeni il qabağı hamı çalışır ki, bütün borcları qaytarsın, küsülülər barışsın. Evdən sınmış qab-qacağı atır, pəncərə və güzgülər parıldayana qədər silinir. Müxtəlif karnavallar, ballar təşkil olunur, hamı səhərə kimi rəqs edir.