Müstəqilliyin Bərpası Günü və ya köhnə adı ilə Milli Müstəqillik Günü — Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. 2021-ci ildən etibarən yeni adıyla “Müstəqilliyin Bərpası günü” (18 oktyabrda) kimi qeyd edilir.
XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini ikinci dəfə yenidən bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd olan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.
Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 231-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs verməyiblər. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.
1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.
Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib.