GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ MAGİSTRATURA TƏHSİL SƏVİYYƏSİ ÜÇÜN “TƏDQİQAT METODLARI” ADLI FƏNN PROQRAMI MÜZAKİRƏ OLUNUB

Gəncə Dövlət Universitetində magistratura təhsil səviyyəsi üçün hazırlanmış “Tədqiqat metodları” adlı yeni fənn proqramının müzakirəsinə həsr olunmuş birgə iclas keçirilib.

26 fevral 2026-cı il tarixində universitetin “Ümumi pedaqogika” və “Ümumi texniki fənlər və texnologiya” kafedralarının birgə təşkilatçılığı ilə baş tutan iclasda hər iki kafedradan yetərsay olmaqla 29 nəfər professor-müəllim heyəti iştirak edib.

İclasda “Ümumi pedaqogika” kafedrasının müdiri, professor Ş.T.Tağıyev və “Ümumi texniki fənlər və texnologiya” kafedrasının müdiri, dosent E.M.Cavadov tərəfindən magistratura təhsil səviyyəsi üçün tərtib edilmiş “Tədqiqat metodları” adlı fənn proqramı müzakirəyə çıxarılmışdır.

Proqramın məzmunu barədə ətraflı məlumat verən professor Ş.T.Tağıyev və dosent E.M.Cavadov fənnin əhəmiyyətindən, irəli sürülən yeni fikir və ideyalardan, eləcə də müasir magistr təhsil sistemində tətbiqi imkanlarından bəhs edib. Qeyd olunub ki, proqram kafedraların nəzdində fəaliyyət göstərən Metodik Qrup tərəfindən yoxlanılıb və birgə iclasda müzakirəsi tövsiyə edilib. Fənn proqramı magistratura təhsil səviyyəsinin bütün ixtisaslaşmalarının tədris planına uyğun şəkildə tərtib olunub.

Proqrama Azərbaycan Dövlət Aqrar Universitetinin “Texniki mexanika və maşın mühəndisliyi” kafedrasının müdiri, texnika elmləri doktoru, professor C.Ə.Məmmədov və Gəncə Dövlət Universitetinin “Fizika” kafedrasının professoru M.S.Quliyev tərəfindən müsbət rəy verildiyi diqqətə çatdırılıb.

Müzakirələr zamanı dosent C.İ.Qarayev, baş müəllim, pedaqogika üzrə fəlsəfə doktoru G.İ.Pirverdiyeva və attestatsız dosent, texnika üzrə fəlsəfə  doktoru M.Ş.Sadıxova çıxış edərək bildiriblər ki, “Tədqiqat metodları” fənni elmi tədqiqat prosesinin metodoloji əsaslarını, tədqiqat növlərini, metod və üsullarını əhatə edir. Fənn magistrantlara elmi araşdırmaların planlaşdırılması və həyata keçirilməsi istiqamətində fundamental bilik və bacarıqlar qazandırır.

İclasda professor Ş.T.Tağıyev və dosent E.M.Cavadov tərəfindən magistratura təhsil səviyyəsi üçün hazırlanmış “Tədqiqat metodları” adlı fənn proqramının çap olunması məqsədəuyğun hesab edilmiş və  müvafiq sənədlərin müzakirə üçün Fakültə Elmi Şurasına göndərilməsi qərara alınmışdır.