








4 fevral 2026-cı il tarixində Gəncə Dövlət Universitetinin V tədris binasında “Azərbaycan dili” və “Ümumi texniki fənlər və texnologiya” kafedralarının birgə iclası keçirilib. İclas magistratura təhsil səviyyəsi üçün hazırlanmış “Akademik yazı və etika” adlı yeni fənn proqramının müzakirəsinə həsr olunmuşdur.
İclasda “Azərbaycan dili” kafedrasının müdiri, professor Telman Quliyev və “Ümumi texniki fənlər və texnologiya” kafedrasının müdiri, dosent Elçin Cavadov tərəfindən magistratura təhsil səviyyəsi üçün tərtib edilmiş “Akademik yazı və etika” adlı fənn proqramı müzakirəyə çıxarılmışdır.
Proqramın məzmunu barədə professor T.Z.Quliyev və dosent E.M.Cavadov məlumat verərək bildirmişlər ki, proqramın tərtibi zamanı ali təhsil üzrə qüvvədə olan normativ sənədlər, magistratura səviyyəsinin tələbləri, eləcə də universitetimizin ixtisas istiqamətləri nəzərə alınmışdır.
Proqramın hazırlanmasında əsas məqsəd magistrantlarda akademik yazı mədəniyyətini formalaşdırmaq, onların elmi tədqiqat aparmaq və nəticələri akademik standartlara uyğun təqdim etmək bacarıqlarını inkişaf etdirmək, eyni zamanda akademik dürüstlük və etik davranış prinsiplərini sistemli şəkildə aşılamaq olmuşdur.
Fənnin məzmununda akademik yazının nəzəri əsasları, elmi üslubun xüsusiyyətləri, tədqiqat metodologiyası, istinad və sitatvermə qaydaları, plagiat və digər etik pozuntular, elmi nəşr mədəniyyəti, dissertasiya və avtoreferatın hazırlanma prinsipləri əhatə olunmuşdur. Eyni zamanda müasir çağırışları nəzərə alaraq akademik yazıda süni intellekt texnologiyalarından istifadənin imkanları və etik çərçivəsi ayrıca mövzu kimi proqrama daxil edilmişdir.
Fənnin tədrisi 30 saat həcmində (15 saat mühazirə, 15 saat seminar) planlaşdırılmışdır. Seminar məşğələləri praktik yönümlü təşkil olunmuş, magistrantların mətn quruculuğu, arqumentasiya, istinad sistemlərindən istifadə, elmi təqdimat və müdafiə bacarıqlarının inkişafına istiqamətləndirilmişdir. Sərbəst iş mövzuları isə tədqiqat xarakterli seçilmiş və dissertasiya yazılışına hazırlıq məqsədi daşıyır.
Ümumi şəkildə hazırlanmış “Akademik yazı və etika” fənn proqramı magistratura səviyyəsi üzrə bütün ixtisas kafedraları tərəfindən müəyyən dəyişikliklər edilməklə müvafiq ixtisaslara uyğunlaşdırılmalıdır.
Qeyd olunub ki, tərtib olunmuş fənn proqramı hər iki kafedranın nəzdində fəaliyyət göstərən Metodik Qrup tərəfindən yoxlanılıb və birgə iclasda müzakirəsi tövsiyə edilib.
Proqrama Azərbaycan Dövlət Aqrar Universitetinin “Texniki mexanika və maşın mühəndisliyi” kafedrasının müdiri, texnika elmləri doktoru, professor C.Ə.Məmmədov və Gəncə Dövlət Universitetinin “Azərbaycan dili” kafedrasının məsləhətçi professoru, filologiya elnləri doktoru M.İ.Yusifov tərəfindən müsbət rəy verilmişdir.
Müzakirələr zamanı Magistratura şöbəsinin müdiri, dosent Emin Yaqubov, filologiya elmləri doktoru, professor Mübariz Yusifov, filologiya elmləri doktoru, dosent Yadigar Əliyev, Filologiya və xarici dillər fakültəsinin dekan əvəzi Mehriban Məmmədova, filologiya üzrə fəlsəfə doktoru Mətanət Mahmudova, ÜTF və texnologiya kafedrasının attestatsız dosenti Mətanət Sadıxova, ÜTF və texnologiya kafedrasının dosenti Gülçimən Əhədova, ÜTF və texnologiya kafedrasının dosenti Cabbar Qarayev çıxış edərək bildiriblər ki, “Akademik yazı və etika” fənni magistr hazırlığında xüsusi əhəmiyyət daşıyır. “Akademik yazı və etika” fənninin tədrisi magistratura səviyyəsində təhsil alan tələbələrin elmi üslubda yazı bacarıqlarını, tənqidi düşünmə qabiliyyətini inkişaf etdirmək və onlarda elmi araşdırma, əməkdaşlıq, tədqiqat və nəticələrin elmi mətbuatda işıqlandırılmasına dair etik davranış mədəniyyətini formalaşdırmaq baxımından zəruridir. Fənn tələbələrə elmi tədqiqatların məzmununu məntiqi və strukturlaşdırılmış şəkildə ifadə etməyi, istinad qaydalarına əməl etməyi və plagiatdan yayınmağı öyrədir. Təqdim olunmuş fənn proqramında akademik mətnin yazılma qaydaları, elmi üslubun xüsusiyyətləri, düzgün istinad sistemi, akademik dürüstlük və elmi etika prinsipləri sistemli şəkildə əhatə olunmuşdur. Xüsusilə akademik etikaya ayrıca yer ayrılması müasir ali təhsil mühitində olduqca vacib və aktual yanaşmadır.
İclasın sonunda professor Telman Quliyev və dosent Elçin Cavadov tərəfindən hazırlanmış “Akademik yazı və etika” adlı fənn proqramının çap olunması məqsədəuyğun hesab edilmiş, müvafiq sənədlərin müzakirə üçün Fakültə Elmi Şurasına göndərilməsi barədə qərar qəbul olunmuşdur.