


04 mart 2026-cı il tarixində Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Akademik yazıdan qlobal nəşrə: Gənc tədqiqatçılar üçün elmi strategiyalar” mövzusunda elmi seminar keçirildi.
Seminar Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başladı. Ardınca ulu öndər Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Gəncə Dövlət Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, dosent Pərvin Kərimzadə çıxış edərək elmi fəaliyyətin inkişafında akademik yazı mədəniyyətinin, beynəlxalq nəşr imkanlarının və gənc tədqiqatçıların düzgün istiqamətləndirilməsinin əhəmiyyətini vurğuladı.
Prorektor elmi etik qaydalar və tədqiqat strategiyalarının düzgün qurulmasının vacibliyindən bəhs etdi.
Daha sonra Fizika və texniki fənlər fakültəsinin dekanı professor Muğan Quliyev çıxışında fakültədə elmi mühitin formalaşdırılması, tələbələrin elmi araşdırmalara cəlb olunması və qlobal elmi platformalara inteqrasiyası istiqamətində görülən işlərdən danışdı.
Seminar çərçivəsində Fizika kafedrasının müdiri dosent Yəhya Namazov “Akademik yazı qaydaları”, kafedranın baş müəllimi, fizika üzrə fəlsəfə doktoru Sevinc İmanova “Elmi məqalələrin yazılmasının əsas mərhələləri”, Fizika və texniki fənlər fakültəsinin Tələbə Elmi Cəmiyyətinin sədri, Fizika müəllimliyi ixtisası II kurs tələbəsi Ülviyyə Məmmədli “Elmi məqalənin strukturu, jurnalların seçilməsi, rəy prosesinə hazırlıq və gənc tədqiqatçılar üçün praktik tövsiyələr” adlı çıxışlar ilə mövzu barədə ətraflı məlumat vermişdir.
Seminar interaktiv müzakirələrlə davam etmiş, tələbələri maraqlandıran suallar cavablandırılmışdır.
Qeyd edək ki, tədbirin əsas məqsədi tələbə və gənc tədqiqatçıların elmi məqalə yazmaq bacarıqlarının inkişaf etdirilməsi, onların beynəlxalq elmi platformalarda aktiv iştirakının təşviq olunması və elmi strategiyalar barədə məlumatlılığın artırılması olmuşdur.