
Aprel döyüşləri, Aprel müharibəsi və ya Dördgünlük müharibə — 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişə. Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər Rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur.
5 apreldə hər iki tərəfin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə yenidən atəşkəs müqaviləsi imzalanmışdır. Buna baxmayaraq, Ermənistan tərəfindən dəstəklənən seperatçı qüvvələr atəşkəs imzalanmazdan bir neçə saat sonra onu dəfələrlə pozmuşdur. Azərbaycan Respublikasının verdiyi rəsmi məlumata görə Azərbaycan Silahlı Qüvvələri 2,000 hektarlıq ərazini azad etmişdir, ancaq Ermənistan tərəfi bu ərazinin ölçüsünün sadəcə 800 hektar olduğunu və heç bir strateji əhəmiyyətə malik olmadığını iddia edir.
Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin hesablamalarına görə, dörd gün davam edən döyüşlər zamanı həm hərbi, həm də mülki olmaqla təxminən 350 nəfərin həyatını itirdiyini açıqlamışdır.
Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan aprelin 2-də erkən saatlarda Birləşmiş Ştatlarda Nüvə Təhlükəsizliyi Sammitindən evə qayıdırdılar, bu zaman təmas xəttinin şimal-şərq, şərq və cənub-şərq sahələrində genişmiqyaslı döyüşlər baş verdi. Döyüşlər əsasən 257 km uzunluğunda olan təmas xətti üzərində yönəldilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata görə 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalıb. Bunun nəticəsində dinc sakinlərdən 2-si ölüb, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində yerləşən birliklər, artilleriya bölmələri və digər qoşun növlərinin birgə, əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı cavab tədbirləri həyata keçirdi. Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 və 120 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəsi 127 dəfə pozub. Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndi atəşə tutulub. Habelə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndi, Krannoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən isə Gədəbəy rayonu ərazisindəki yüksəkliklər vurulub. Azərbaycanın müdafiə naziri Zakir Həsənov 2019-cu ildə verdiyi açıqlamada Azərbaycan ordusunun ermənilərin qurduğu Ohanyan səddini 18 dəqiqəyə yardığını bildirib. Talış kəndində olmuş “Kommersant”qəzetinin müxbirinin sözlərinə görə, Azərbaycan hərbçilərinin qrupu Talışa girsə də, orada möhkəmlənə bilmədilər.
Döyüşlər başlamazdan qabaq Azərbaycan Ordusunun diversiya qrupları cəbhənin dərinliyinə sızaraq bəzi əməliyyatlar həyata keçirmişdi. Belə əməliyyatların biri Aprel döyüşlərindən iki həftə öncə baş vermişdi, bu əməliyyat zamanı Azərbaycanın diversiya qrupu arxa cəbhənin olduqca dərinliyinə sızaraq, Əsgəran bölgəsindəki HHM kompleksinin RLS-ni məhv etmişdi.
Aprelin 3-də Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi azad olunub, Füzuli istiqamətində Ermənistanın pilotsuz uçuş aparatı vurulub. Lakin tərəflərin Seysulan kəndindəki vəziyyət haqqında xəbərləri ziddiyyətli olaraq qalırdı. Hər iki tərəf Seysulan kəndinin öz nəzarətində olmasını iddia edir.
Aprelin 4-ü Ermənistan itirilmiş mövqelərinin geri qaytarılması məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə hücum edir və təmas xəttinə yaxın olan yaşayış məntəqələrini intensiv surətdə atəşə tutub.
Aprelin 5-də Ağdərə şəhərinə aparan əsas yol üzərindəki strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahını və “Yerkrapa” erməni könüllülərini cəbhəyə gətirən avtobusa zərbə endirib. Erməni tərəfi bu zərbə nəticəsində 7 nəfərin öldüyünü təsdiq edib. Aprelin 5-də Xocavənd-Füzuli istiqamətində erməni qüvvələrinin 2 ədəd tankını heyətlə birlikdə və hərbi əmlakla dolu 5-dək təkərli texnikasını sıradan çıxarıb.