Gəncə Dövlət Universitetində “Ümumi texniki fənlər və texnologiya” kafedrası  və  “Filologiya və xarici dillər” fakültəsinin birgə təşkilatçılığı ilə elmi-nəzəri seminar keçirilmişdir.

29 aprel 2026-cı il tarixində Gəncə Dövlət Universitetində “Ümumi texniki fənlər və texnologiya” kafedrası ilə “Filologiya və xarici dillər” fakültəsinin birgə təşkilatçılığı ilə “Elmi məqalələrdə struktur, plagiat təhlükəsi və akademik etika məsələləri” mövzusunda elmi-nəzəri seminar keçirilmişdir.

Seminarda “Filologiya və xarici dillər” fakültəsinin dekanı Yadigar Əliyev, fakültənin elmi işlər üzrə dekan müavini Mehriban Məmmədova, humanitar məsələlər üzrə dekan müavini Arzu Babayeva, “Alman dili” kafedrasının müdiri Elvin Atakişiyev, “Rus dili” kafedrasının müdiri Kəmalə Əhmədova, “Praktik xarici dillər” fakültəsinin müdiri Zahirə Əliyeva, eləcə də gənc müəllimlər, doktorant və magistrlər iştirak etmişlər.

Seminarı giriş sözü ilə açan “Ümumi texniki fənlər və texnologiya” kafedrasının müdiri, dosent Elçin Cavadov bildirdi ki, seminarın keçirilməsində əsas məqsəd elmi məqalələrin hazırlanma qaydaları, onların düzgün strukturlaşdırılması, akademik yazı mədəniyyətinin formalaşdırılması və plagiat risklərinin qarşısının alınması kimi mühüm məsələlərin müzakirəsidir. Bildiyimiz kimi, müasir dövrdə elmi fəaliyyətin keyfiyyəti təkcə ideyanın yeniliyi ilə deyil, həm də onun düzgün, etik və akademik qaydalara uyğun təqdim olunması ilə qiymətləndirilir.

Tədbirdə vurğulanıb ki, akademik etika hər bir tədqiqatçının fəaliyyətində əsas istiqamətlərdən biri olmalı, elmi dürüstlük prinsipləri isə bütün tədqiqat prosesinin ayrılmaz hissəsi kimi qəbul edilməlidir. Plagiat məsələsi isə elmi nüfuza birbaşa təsir edən ciddi problemlərdən biri kimi qiymətləndirilib və bu sahədə düzgün yanaşmanın formalaşdırılmasının vacibliyi qeyd olunub. Bildirilib ki, belə seminarlar yalnız nəzəri biliklərin artırılması deyil, eyni zamanda praktik bacarıqların formalaşdırılması baxımından da xüsusi əhəmiyyət kəsb edir.

Eyni zamanda, müxtəlif kafedralar və fakültələr arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Qeyd olunub ki, təcrübə və fikir mübadiləsi universitet daxilində elmi mühitin daha da güclənməsinə, innovativ yanaşmaların tətbiqinə və gənc tədqiqatçıların inkişafına müsbət təsir göstərir.

Seminarda “Ümumi texniki fənlər və texnologiya” kafedrasının attestatsız dosenti Mətanət Sadıxova “Elmi məqalələrdə struktur, plagiat təhlükəsi və akademik etika məsələləri” mövzusunda ətraflı məruzə ilə çıxış edib.

O, öz çıxışında qeyd edib ki, elmi məqalələrin yazılmasında strukturun düzgün qurulması əsas şərtlərdən biridir və məqalənin giriş, əsas hissə və nəticə bölmələrinin məntiqi ardıcıllıqla təqdim olunması tədqiqatın keyfiyyətini əhəmiyyətli dərəcədə artırır. Məruzəçi həmçinin elmi mənbələrdən düzgün istifadə, istinadların beynəlxalq standartlara uyğun verilməsi, eləcə də müəllif hüquqlarına hörmət edilməsi kimi məsələlərin akademik etikanın əsas tələbləri sırasında olduğunu diqqətə çatdırıb.

M. Sadıxova vurğulayıb ki, plagiat yalnız mətnin birbaşa köçürülməsi deyil, eyni zamanda digər müəlliflərin ideyalarının istinadsız təqdim edilməsi, qeyri-dəqiq parafraz və özünəplagiat kimi halları da əhatə edir. O, bu risklərin qarşısının alınması üçün müasir antiplagiat sistemlərindən istifadəni, eləcə də tədqiqatçılar arasında akademik dürüstlük mədəniyyətinin təşviqini vacib hesab etdiyini bildirib.

Daha sonra məruzəçi ona ünvanlanmış sualları ətraflı şəkildə cavablandırıb və iştirakçılarla mövzu ətrafında geniş müzakirələr aparılıb.

Məruzə ətrafında çıxış edən “Filologiya və xarici dillər” fakültəsinin elmi işlər üzrə dekan müavini Mehriban Məmmədova, “Rus dili” kafedrasının müdiri Kəmalə Əhmədova və “Təcrübə və karyera” şöbəsinin müdiri, dosent Cabbar Qarayev qeyd ediblər ki, bu cür elmi-nəzəri seminarlar müəllimlərin və xüsusilə gənc tədqiqatçıların akademik yazı bacarıqlarının inkişafında mühüm rol oynayır. Onlar bildiriblər ki, akademik etikaya riayət olunması elmi fəaliyyətin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq elmi mühitə inteqrasiyanın təmin olunması və universitetin elmi nüfuzunun artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Sonda vurğulanıb ki, bu kimi tədbirlərin mütəmadi təşkili Gəncə Dövlət Universitetində elmi mühitin inkişafına, fakültələrarası əməkdaşlığın daha da möhkəmləndirilməsinə və müasir akademik standartlara uyğun tədqiqat fəaliyyətinin təşviqinə mühüm töhfə verir.