







19 may 2026-cı il tarixində Gəncə Dövlət Universitetinin “ÜTF və texnologiya” kafedrasında magistr dissertasiyalarının ilkin müzakirəsi keçirilib.
Magistratura şöbəsinin “Texnologiya fənninin tədrisi metodikası və metodologiyası” ixtisası üzrə II kurs magistrantları – Xəlilova Gülnaz Qalib qızı, İsmayılova Aytən Nadir qızı və Abdullayeva Məleykə Ramin qızının dissertasiya işləri təqdim olunaraq elmi müzakirəyə çıxarılıb.
İlkin müdafiə zamanı Magistratura şöbəsinin müdiri, dosent E.K.Yaqubov və kafedra müdiri, dosent E.M.Cavadov magistrantların elmi fəaliyyəti, tədqiqat mövzularının aktuallığı və aparılan araşdırmaların elmi-praktik əhəmiyyəti barədə çıxış ediblər. Bildirilib ki, təqdim olunan dissertasiya mövzuları müasir dövrün tələblərinə uyğun olmaqla yanaşı, təhsil və istehsalat sahəsində aktual məsələləri əhatə edir.
Magistr İsmayılova Aytən Nadir qızı “Şagirdlərin texniki və riyazi bacarıqlarının formalaşdırılmasında STEAM layihəsinin əhəmiyyəti” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda STEAM yanaşmasının şagirdlərdə analitik düşüncə, yaradıcılıq və praktik bacarıqların inkişafına təsiri geniş şəkildə izah olunub. Eyni zamanda magistrantın müxtəlif elmi konfranslarda iştirak etdiyi, sertifikatlarla təltif olunduğu və elmi məqalələrinin nəşrə qəbul edildiyi diqqətə çatdırılıb.
Daha sonra Xəlilova Gülnaz Qalib qızının “İqtisadiyyatın innovativ inkişafında müasir sənaye texnologiyalarının rolu” mövzusunda dissertasiya işi müzakirə olunub. Tədqiqat işində müasir sənaye texnologiyalarının iqtisadi inkişaf prosesinə təsiri, innovativ istehsal üsullarının səmərəliliyi və texnoloji yeniliklərin iqtisadi göstəricilərdə yaratdığı dəyişikliklər geniş şəkildə təhlil edilib. Mövzunun həm nəzəri, həm də praktik baxımdan mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Magistr Abdullayeva Məleykə Ramin qızının “Tikiş prosesində istifadə olunan müxtəlif növ sapların xassələrinin araşdırılması” adlı dissertasiya işi də maraqlı mövzuya həsr olunub. Araşdırmada tikiş sənayesində istifadə olunan müxtəlif sap növlərinin fiziki-mexaniki xüsusiyyətləri müqayisəli şəkildə təhlil olunub, onların məhsulun keyfiyyəti, davamlılığı və istehsal prosesinə təsiri öyrənilmişdir.
Müzakirələr zamanı magistrantlar təqdim olunan sualları dolğun şəkildə cavablandıraraq tədqiqat işlərinin əsas məqamlarını ətraflı izah etdilər. İlkin müzakirələrin yekununda hər üç magistrlik dissertasiya işinin müdafiəyə tam hazır olduğu qeyd olundu.
Sonda magistrantların dissertasiya işlərinin mövcud elmi və metodiki tələblərə cavab verdiyi nəzərə alınaraq onların müdafiəyə buraxılması məqsədəuyğun hesab edildi.