“Texnologiya fənninin tədrisi metodikası” fənnindən “Modelləşdirmə və konstruksiyayetmə elementlərinin öyrənilməsi. Traktor modellərinin yığılması və modelləşdirilməsi” mövzusunda açıq dərs keçirilib

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ AÇIQ DƏRSLƏRİN TƏŞKİLİ VƏ TƏDRİSİN KEYFİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ DAVAM EDİR

2026-cı il noyabrın 6-da Gəncə Dövlət Universitetinin “ÜTF və texnologiya” kafedrasında müəllim Həsənova Elgün Elbay qızının açıq  dərsi keçirilmişdir.

“Texnologiya müəllimliyi” ixtisası üzrə “Texnologiya fənninin tədrisi metodikası” fənnindən təşkil olunan dərs “Modelləşdirmə və konstruksiyayetmə elementlərinin öyrənilməsi. Traktor modellərinin yığılması və modelləşdirilməsi” mövzusuna həsr edilib.

Açıq dərsdə kafedranın açıq dərsləri üzrə Qiymətləndirmə Komissiyasının üzvləri – kafedra müdiri, dosent Elçin Cavadov, dosent Mətanət Sadıxova, baş müəllim Elçin Məmmədov, dekan müavini Mətanət Tağıyeva, eləcə də kafedranın professor-müəllim heyətinin nümayəndələri iştirak ediblər.

Dərsin əsas məqsədi tələbələrin modelləşdirmə və konstruksiyayetmə sahəsində nəzəri biliklərinin möhkəmləndirilməsi, texniki təfəkkürünün inkişaf etdirilməsi və praktiki bacarıqlarının formalaşdırılması olmuşdur. Mövzu çərçivəsində traktor modellərinin yığılması və modelləşdirilməsi məsələlərinə diqqət yetirilmişdi.

Açıq dərsin gedişində Qiymətləndirmə Komissiyasının üzvləri müəllimin dərsə hazırlığını, mövzunun elmi-metodiki səviyyəsini, təlim metodlarının tətbiqini, tələbələrin fəallığını, əyani vəsaitlərdən və informasiya-kommunikasiya texnologiyalarından istifadə vəziyyətini, həmçinin laboratoriya məşğələsinin təşkilini müşahidə ediblər.

Dərsdən sonra keçirilən müzakirədə komissiya üzvləri mövzunun texnologiya müəllimlərinin peşə hazırlığında əhəmiyyətini vurğulayıb, müəllimin tədrisə yanaşmasını və dərsin təşkilini qiymətləndiriblər. Bununla yanaşı, tələbələrin praktik fəaliyyətə daha fəal cəlb olunması, fərdi və qrup tapşırıqlarına geniş yer verilməsi, yaradıcılıq imkanlarının üzə çıxarılması, vaxtın səmərəli idarə olunması və biliklərin qiymətləndirilməsi prosesinin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr səsləndirilib.

Qəbul edilmiş qiymətləndirmə şkalasına əsasən, açıq dərs “Kafi” qiymətinə uyğun hesab edilib.

İclasın sonunda müəllimin gələcək pedaqoji fəaliyyətində praktiki təlimin daha da gücləndirilməsi, tələbələrin müstəqil və yaradıcı fəaliyyətinin stimullaşdırılması, müasir tədris metodlarından səmərəli istifadə edilməsi istiqamətində müvafiq tövsiyələr verilib.

Qeyd edək ki, Gəncə Dövlət Universitetində açıq dərslərin təşkili və müzakirəsi tədrisin keyfiyyətinin yüksəldilməsi, professor-müəllim heyətinin pedaqoji fəaliyyətinin təkmilləşdirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi və tədris prosesində mövcud imkanların daha səmərəli tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.