“Texnologiya müəllimliyi” ixtisasının IV kursunda “Məişət elektrik cihazları” fənnindən “Elektrik tozsoranları və onların növləri” mövzusunda açıq dərs keçirilib

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ ÜMUMİ TEXNİKİ FƏNLƏR VƏ TEXNOLOGİYA KAFEDRASINDA AÇIQ DƏRS KEÇİRİLİB

2026-cı il noyabrın 13-də Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin “ÜTF və texnologiya” kafedrasının dosenti Əhədova Gülcimən Rasim qızının açıq dərsi keçirilib.

“Texnologiya müəllimliyi” ixtisasının IV kursunda “Məişət elektrik cihazları” fənni üzrə təşkil olunan mühazirə dərsi “Elektrik tozsoranları və onların növləri” mövzusuna həsr edilib.

Açıq dərsdə müəllimin mövzuya hazırlığı, elmi-metodik yanaşması, dərsin strukturunun təşkili, tədris metodlarından istifadə, tələbələrlə ünsiyyət, əyani vəsaitlərdən və informasiya-kommunikasiya texnologiyalarından istifadə vəziyyəti, eləcə də tələbələrin dərsdə fəallığı və biliklərinin qiymətləndirilməsi müşahidə olunub.

Dərsin gedişində elektrik tozsoranlarının təyinatı, iş prinsipi, quruluş xüsusiyyətləri və müxtəlif növləri haqqında tələbələrə məlumat verilməsi mövzunun praktik əhəmiyyətinin mənimsənilməsi baxımından mühüm əhəmiyyət daşıyıb. Məişətdə geniş istifadə olunan elektrik cihazlarının texniki xüsusiyyətlərinin öyrənilməsi tələbələrin texnoloji biliklərinin zənginləşdirilməsinə və gələcək pedaqoji fəaliyyətləri üçün zəruri bilik və bacarıqların formalaşdırılmasına xidmət edir.

Açıq dərsin qiymətləndirilməsi zamanı müəllimin təlim məqsədlərinin müəyyənləşdirilməsi, mövzunun elmi-metodik səviyyəsi, dərsin məntiqi ardıcıllığı, tədris metodlarının uyğunluğu və digər mühüm meyarlar nəzərə alınıb.

Komissiya üzvlərinin müşahidə və qiymətləndirmə vərəqindəki nəticələrə əsasən, Əhədova Gülcimən Rasim qızının keçdiyi açıq dərs 100 ballıq qiymətləndirmə sistemi üzrə 82 balla “yaxşı” qiymətləndirilib.

Qeyd edək ki, Gəncə Dövlət Universitetində açıq dərslərin keçirilməsi və qiymətləndirilməsi tədris prosesinin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin pedaqoji fəaliyyətinin təkmilləşdirilməsi, müasir təlim metodlarının tətbiqi və qabaqcıl təcrübənin yayılması baxımından mühüm əhəmiyyət daşıyır.