Mart ayında Akif Əlirza oğlu Hüseynovun 70 yaşı tamam oldu. Bunun təxminən 60 ilini sevimli işinə – təsviri incəsənətə, 40 ilini gənc rəssamların hazırlanmasına həsr etmişdir.
O, pedaqogika üzrə fəlsəfə doktoru, dosent və Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
1989 – cu ildən Gəncə Dövlət Universitetinin təsviri incəsənət kafedrasında işləyir. Onun 600 –dən artıq mənzərə, yüzlərlə natürmort əsərləri var. Bu görkəmli fırça ustası bir çox dəyərli portret əsərlərinin də müəllifidir.
Bu portretlərin qəhrəmanları bizim müasirlərimiz, həkimlər, müəllimlər, şairlər, alimlər və qəhrəmanlardır.
Akif Hüseynov dərs dediyi tələbələrə rəngkarlıq fənni üzrə akvarel və yağlı boya ilə işlənmə texnikasının incəliklərini öyrədir.
Akif müəllimin sənətini rəssamlıq korifeyləri Mikayıl Abdullayev, Tahir Salahov, Səttar Bəhlulzadə və A.P.Xolmoqorov çox yüksək qiymətləndirmişlər.
1980 – ci ildə Ümummilli liderimiz Heydər Əliyev Gəncədə olarkən rəssamlıq sərgisində iştirak etmiş və Akif Hüseynovun əsərləri ilə maraqlanmışdır.
Akif müəllimin “Kəpəz. Göy – göl” adlı əsəri yağlı boya ilə işlənmiş 2001 – ci ildən Böyük Britaniya Təhsil Nazirliyinin muzeyində saxlanılır və nümayiş etdirilir.
Şəhər tədbirləri ilə əlaqədar olaraq şəhər rəhbərliyi tərəfindən Akif müəllimə məsul tapşırıqlar verilir. Belə ki, onun portret əsərləri (Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh) şəhərimizin meydan və küçələrini bəzəyir.
Yetmiş yaşı olmağına baxmayaraq o, pedaqoji və sənət axtarışlarını davam etdirir. O öyrədir və həm də özü öyrənir. Onun insan və rəssam kimi gücü məhz bundadır.