Novruz ərəfəsində sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. Bu çərşənbə xalq arasında “Yer çərşənbəsi”, “İlaxır Çərşənbə” və ya “Torpaq çərşənbəsi” adlanır.
Bu il 2020-ci ildə martın 17-də sonuncu Torpaq çərşənbəsi qeyd olunacaq. İnama görə Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar. Əfsanəyə görə adamların ərzaq qıtlığından əziyyət çəkdikləri bu gündə Su, Od və Yel Torpaq xatunun yeraltı məbədinə qonaq gəlir, burada yatmış Torpağı oyadırlar.
Çərşənbələrin içərisində daha böyük mərasimlər hazırlanan çərşənbə sonuncu hesab olunan “Torpaq” çərşənbəsidir. Bu çərşənbə öz xüsusiyyətlərinə və bayrama yaxın olduğuna görə daha çox insanlar tərəfindən sevilir və seçilir. Bununla yanaşı torpağın insana və bəşəriyyətə verdiyi bu nemətlər heç vaxt unudulmur. Ona görə də həmin günə Azərbaycan xalqı daha təmtaraqlı şəkildə hazılaşırlar. Torpaq çərşənbəsində süfrəmizin gözəl təamlarından olan paxlava, şəkərbura, qoğal və bir çox şirniyyatlar hazırlanır. Qoğal günəşin və istiliyin simvolu kimi stola gətirilir. Şəkərbura da kənarındakı və üzərindəki mənalara görə günəş şüalarını xatırladır, paxlava isə mərkəzinə qoyulmuş fındıqla mifik mənasını özündə əks etdirir. Şirniyyatların süfrəyə qoyulması bütün ilin bərəkətli, ruzili və həmişə şirin keçməsini mənalandırır. Bununla yanaşı qoz, fındıq, badam və bir çox çərəz növləri də süfrəni bəzəyir. Qadınlar, qızlar isə evlərinə xonça tuturlar və müxtəlif konfetlərlər onu bəzəyirlər. Süfrə qoyulmuş səməni isə öz yaşıl görkəmi və belinə bağlanmış qırmızı lentlə daha çox diqqət cəlb edir. Həmin gün hamı deyib, gülür və insanlar evlərində xoş sözlər danışırlar.
Torpaq çərşənbəsi olduğu üçün artıq xalq əkin – biçinə başlamalı olur. Digər çərşənbələr sayılan Su, Od, Yel öz işlərini bitirmiş sayılırlar və Torpağa yer verirlər. Torpaq isə deyir səndən hərəkət məndən bərəkət. Yerlər şumlanır, toxumlar səpilir və artıq yazın gəlməsi ilə işgüzarlıq da özünü göstərir. Axır çərşənbə günü qadınlar, qızlar çilələrini tökmək üçün çay üzərinə yollanır və sudan tullanırlar. Həmçinin həmin gün axşam vaxtı yenə də tonqallar qalanır, lakin bu çərşənbənin tonqalları digərlərindən tamam fərqlənir. Çünki həmin gün daha çox maraq olur və hamı od ətrafına yığışaraq onun istisinə qızınmağa çalışırlar.