Mart soyqırımı və ya Mart hadisələri
— 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcədə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.
Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.
“Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı aksiyalar həyata
keçirdilər. Ermənilərin Bakıdan
başlanan vəhşilikləri Azərbaycanı və indiki
Ermənistan ərazisindəki Azərbaycan
kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi,
minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin
açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə
maneçilik törədərək azərbaycanlıların mənfi obrazını
yaratmış, özlərinin qəsbkar torpaq iddialarını
pərdələmişlər. 1918-ci ilin
mart ayından etibarən əks -inqilabçı ünsürlərlə mübarizə şüarı altında
Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə
başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan
xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali
yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş,
insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları,
məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa
çevirmişlər.
Azərbaycanlıların
soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda
və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir.
Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış,
milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.
Azərbaycan Xalq
Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət
yetirmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin təhqiqi məqsədilə
Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi.
Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan
quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı.
Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində
xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan
Xalq Cumhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində
bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən
torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi
idi. Lakin, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan
vermədi.
Zaqafqaziyanın
sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə
Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi
elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya
edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl
atdılar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947- ci il
“Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan
SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarına və bunun əsasında,
1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə
deportasiyasına dövlət səviyyəsində nail oldular.
Erməni millətçiləri
öz havadarlarının köməyi ilə 50-ci illərdən etibarən Azərbaycan xalqına qarşı kəskin
mənəvi təcavüz kampaniyasına başladılar. Keçmiş sovet məkanında müntəzəm şəkildə
yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin,
memarlıq abidələrimizin ən nəfis nümunələrinin guya erməni xalqına mənsub
olduğunu sübut etməyə çalışırdılar. Eyni zamanda onlar tərəfindən bütün dünyada
azərbaycanlıların mənfi obrazını formalaşdırınaq cəhdləri də güclənirdi.
“Yazıq, məzlum erməni xalq”ının surətini yaradaraq əsrin əvvəlində
regionda baş verən hadisələr şüurlu surətdə təhrif olunur, azərbaycanlılara
qarşı soyqırım törədənlər soyqırım qurbanları kimi qələmə verilirdi.
Əsrin əvvəlində əksər
əhalisi azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSR-in digər bölgələrindən
soydaşlarımız təqiblərə məruz qalaraq kütləvi surətdə qovulur. Azərbaycanlıların
hüquqları ermənilər tərəfindən kobudcasına pozulur, ana dilində təhsil almasına
əngəllər törədilir, onlara qarşı repressiyalar həyata keçirilir. Azərbaycan kəndlərinin
tarixi adları dəyişdirilir, toponimika tarixində misli görünməyən qədim
toponimlərin müasir adlarla əvəzolunma prosesi baş verir.
Saxtalaşdırılmış
erməni tarixi gənc ermənilərin şovinist ruhunda böyüməsinə zəmin yaratmaq üçün
dövlət siyasəti səviyyəsinə qaldırılır. Böyük humanist ideallara xidmət edən Azərbaycan
ədəbiyyatı və mədəniyyəti ruhunda tərbiyə olunmuş yeni nəslimiz ekstremist erməni
ideologiyasının təqiblərinə məruz qalır.
Ermənilərin Sovet
rejimindən bəhrələnərək həyata keçirdikləri və 80-cı illərin ortalarında daha
da güclənən anti-azərbaycan təbliğatına Azərbaycan Respublikasının rəhbərliyi
vaxtında lazımi qiymət vermədi.
1988-ci ildən
ortaya atılan qondarma Dağlıq Qarabağ konfliktinin ilkin mərhələsində yüz minlərlə
azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına da respublikada düzgün
siyasi qiymət verilmədi. Azərbaycanın Dağlıq Qarabağ Muxtar vilayətinin Ermənistan
SSR-in tərkibinə daxil edilməsi haqqında ermənilərin qanunsuz qərarını və
Moskvanın əslində bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın
tabeliyindən çıxarmasını xalqımız ciddi narazılıqla qarşıladı və mühüm siyasi
aksiyalara əl atmaq məcburiyyəti qarşısında qaldı. Məhz elə bunun nəticəsi
olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədilə
Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı məhv və şikəst edildi,
yaralandı, digər fiziki təzyiqlərə məruz qoyuldu.
1992-ci ilin
fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu.
Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının
məhv edilməsi, əsir alınması, şəhərin yerlə yeksan edilməsi ilə qurtardı.
Millətçi-separatçı
ermənilərin Dağlıq Qarabağda başladığı qəsbkar hərəkətin nəticəsi olaraq bu gün
bir milyondan artıq soydaşımız erməni qəsbkarları tərəfindən öz doğma
yurd-yuvalarından didərgin salınmış, çətin şəraitdə yaşamağa məhkum edilmişdir.
Ərazimizin 20 faizinin erməni silahlı qüvələri tərəfindən işğalı zamanı minlərlə
vətəndaşımız şəhid olmuş, xəsarət almışdır.
Allahım, Qarabağın azadlığını tezləşdir!